Главная > Cəmiyyət > Kolleclərə qəbul başladı - DİM elan verdi

Kolleclərə qəbul başladı - DİM elan verdi


21-02-2020, 11:37. Разместил: azadses
Ərizə qəbulu martın 11‑dək internetlə aparılacaq
Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Ərizələrin qəbulu fevralın 21-dən martın 11‑dək internet vasitəsilə aparılacaq. 
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. 
Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 
Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.
İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.
Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.
İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.




Вернуться назад