Главная > Cəmiyyət > Quş qripi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Quş qripi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ


26-01-2021, 08:13. Разместил: azadses
COVID-19 pandemiyasının davam etdiyi bir vaxtda quş qripi də sürətlə yayılmaqdadır. Bir çox ölkələrdə artıq kütləvi yoluxma faktı qeydə alınıb. Köçəri quşlar vasitəsilə yoluxma sayı durmadan artır. Köçəri quşların marşrut istiqaməti üzərində olduğundan ölkəmiz də xüsusi risk altındadır. Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edib. Bəzi ölkələrdən quş əti məhsullarının idxalına məhdudiyyətlərin tətbiqinə başlanıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi quş qripi təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
 
Dünyanın bir sıra ölkələrində bu xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızdan keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu xəstəliyin yayılma riskini artırır. Quşçuluq təsərrüfatı ilə məşğul olan şəxslər bu ərəfələrdə maksimum diqqətli olmalıdırlar.
 
Qida təhlükəsizliyi agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev deyir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının gündəlik məlumatları mütəmadi olaraq nəzərdə saxlanılır. Mövcud təhlükə ilə əlaqədar aparılan monitorinqlərin sayı da artırılıb.Vətəndaşlar xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmalı, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat verməlidirlər. Xaricdən quş əti idxalına da nəzarət tədbirləri gücləndirlib.
 
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı dünyanın bir sıra ölkələrində quş qripi xəstəliyi ilə bağlı bütün ölkələrə xəbərdarlıq edib. Quş qripinə yenidən kütləvi yoluxma isə ötən ilin noyabr ayında Koreyada qeydə alınıb.

Вернуться назад