Главная > Cəmiyyət > “BakıKart”lara pul yüklənmir – Problem “MilliÖn”dədir?
“BakıKart”lara pul yüklənmir – Problem “MilliÖn”dədir?1-02-2021, 15:47. Разместил: azadses |
Son günlər ödəniş terminallarında “BakıKart”larla bağlı müəyyən problemlər yaşanır. Daha doğrusu, çətinlik əsasən pul yükləmələrilə bağlıdır. Adıçəkilən problem isə daha çox “MilliÖn” və “BakıKart” ödəmə terminallarında yaşanmaqdadır. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, paytaxtın “Nərimanov”, “Memar Əcəmi”, “20 Yanvar”, “Azadlıq prospekti” metrostansiyalarının yaxınlığındakı “MilliÖn” ödəniş terminallarında bu kimi problemlər analoji hal alıb. Səhər və axşam çağlarında evdən işə, işdən evə tələsən vətəndaşlar gedişhaqqı kartlarına pul yükləməkdə çətinlik çəkirlər. Bəs problem nədən qaynaqlanır? Bəzi ödəniş terminallarında həm dəmir, həm də kağız pullar aparatlar tərəfindən tanınmır. Bir sıra aparatlar isə kağız nominallardan fərqli olaraq dəmir pulları qəbul edir. Bu da öz növbəsində insanlarda həm çaşqınlıq, həm də narahatlıq yaradır. Məsələ ilə bağlı “MilliÖn” ödəmə nöqtəsinin *0010 qaynar xətti ilə əlaqə saxladıq. Müəyyən müddət xətdə gözlətdikdən sonra bildirdilər ki, yaranmış problemin ciddi narahatlıq üçün əsası yoxdur. Operatorun sözlərinə görə, bir neçə gündür ödəmə nöqtələrində yaranmış problemlərdən xəbərsizdirlər. “MilliÖn” əməkdaşı problemin texniki nasazlıqla əlaqəli ola biləcəyini dedi. Üstəlik, qeyd olunan ödəmə nöqtələrinin ünvanlarının qeydiyyatı götürüldü və haqqında bəhs olunan ödəmə aparatlarına ən qısa zamanda baxış keçiriləcəyi, problem varsa, qısa zamanda aradan qaldırılacağı bildirildi. Ümid edirik ki, “BakıKart”lar, daha doğrusu, pul yükləmələri ilə bağlı problem qısa zamanda öz həllini tapacaq. Вернуться назад |