Главная > Cəmiyyət > Azərbaycan startapçıları layihələrini xarici investorlara təqdim etdilər - FOTO

Azərbaycan startapçıları layihələrini xarici investorlara təqdim etdilər - FOTO


31-03-2022, 12:43. Разместил: admin
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapçının iştirak etdiyi Qlobal Sahibkarlıq Konfransında Azərbaycan startapçıları da öz layihələrini təqdim ediblər.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) və Beynəlxalq Sahibkarlar Şəbəkəsinin (GEN) təşkilatçılığı ilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə startapçılarımız xaricdə onlayn təhsil və təchizatçılarla tədarükçüləri bir araya gətirən onlayn platformalar ilə təmsil olunublar.

27-30 mart tarixlərində keçirilmiş Qlobal Sahibkarlıq Konfransı çərçivəsində startapçılarımız layihələrini xarici investorlara təqdim edib, bu istiqamətdə bir sıra görüşlər keçiriblər.

Qeyd edək ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də startap ekosisteminin inkişafına dəstək verməkdir. Agentlik tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. Ər-Riyadda ölkəmizi təmsil edən “Unibroad” MMC və “Supply Chain Community” MMC-yə də “Startap” şəhadətnamələri verilib.

KOBİA həmçinin, yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.


Вернуться назад