Главная > Cəmiyyət > Ceyhun Bayramov Kayrat Sarıbayla görüşdü: Müzakirə edilən məsələlər
Ceyhun Bayramov Kayrat Sarıbayla görüşdü: Müzakirə edilən məsələlər6-07-2022, 18:23. Разместил: admin |
Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Ceyhun Bayramov icraçı direktoru salamlayıb və Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini söyləyib. Nazir hazırkı dövrdə regional əməkdaşlıq formatlarının əhəmiyyətinin ön plana çıxdığını söyləyib. Bu xüsusda, Azərbaycanın da iştirakı ilə həyata keçirilən üçtərəfli əməkdaşlıq formatları, o cümlədən bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin konfransı qeyd edilib. Nəqliyyat bağlantı mövzusunun, eləcə də Şərq-Qərb Orta dəhlizin inkişafının önəm kəsb etdiyi vurğulanıb. Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər maraqlı olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçirilən görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə edilməsi baxımından faydalı olduğunu ifadə edib. O, Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib. Nəqliyyat bağlantı mövzusunun AQEM üçün hazırda ən aktual məsələlərdən biri olduğunu söyləyən K.Sarıbay bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb. Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, qarşıdan gələn Zirvə görüşünə hazırlıq, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Вернуться назад |