Главная > Cəmiyyət / Manset > Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu?
Özünü general Hikmət Həsənov kimi təqdim edən şəxs necə ifşa olundu?5-08-2022, 10:39. Разместил: admin |
Bakıda özünü general Hikmət Həsənov kimi təqdim edən şəxsə hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon Məhkəməsinin hökmünə əsasən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməkdə təqsirləndirilən Hikmət Həsənov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun törətdiyi əmələ gəlincə, H.Həsənov 2021-ci ilin dekabrında Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alan tanışının oğlunun koronavirusa yoluxduğunu öyrənib. Bundan sonra Bakıda olduğu zaman gecə saat 02:00 radələrində həmin şəxsin səhhəti ilə maraqlanmaq üçün akademiyaya gedib. H.Həsənov karantin vaxtı şəhərdə maneəsiz hərəkət etmək üçün evində olan hərbi sahə üzrə general-leytenant formasını geyinib. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində həmin formanı necə əldə etdiyini xatırlamadğını bildirib. Özü məhkumluq həyatı yaşadığından, hərbi sahədə cəmi 1 ay işlədiyini qeyd edib. H.Həsənov akademiyaya gələn zaman növbətçi hissədə olan gizir Cabir Əlizadə ona yaxınlaşıb. Bu zaman H.Həsənov özünü əks kəşfiyyatın rəisi, general-leytenant kimi təqdim edib. Cabir Əlizadə isə öz növbəsində içəri daxil olaraq növbə rəisinə məruzə edib. Saxta general koronavirusdan əziyyət çəkən tanışını soruşarkən, növbə rəisi ona kursantların məzuniyyətə buraxıldığını, hazırda heç kimin olmadığını deyib. H.Həsənov bu zaman növbə rəisinə yenə də general olmağını, FHN-də və digər qurumların rəhbər şəxsləri ilə əlaqələrinin olmasını, vəzifənin artırılması və rütbənin verilməsini təmin etmək imkanın olmasını, istəsə, müraciət edə biləcəyini deməklə nömrəsini onlara verib. Həmin görüşdən bir neçə gün sonra növbə rəisi ona zəng edərək görüşmək istədiyini deyib və tərəflər “Atabağı” restoranına üz-üzə gəliblər. Görüş zamanı növbə rəisi akademiyada növbətçi kimi işlədiyini, komendant rəisi yerinin tezliklə boşalacağını, odur ki, həmin vəzifəyə keçmək istədiyini, lakin bununla bağlı köməklik edəcək şəxsi tapa bilmədiyini deyib. Bu zaman saxta general FHN-in vəzifəli şəxsləri ilə əlaqələrinin olduğunu deyib və sağollaşıb. Maraqlıdır ki, H.Həsənov görüşə də general forması ilə gəlib. Görüşdən sonra H.Həsənov növbə rəisinin vəzifəsinin artırılması üçün 5.000 manat tələb etmək qərarına gəlib və bununla bağlı görüşmələri barədə sonuncuya zəng edib. Zərərçəkənlə yenidən “Atabağı” restoranında görüşən saxta general yalandan söhbət zamanı guya FHN-in Kadrlar Siyasəti Baş İdarəsinin rəisi general-mayor Sevda Şirinova ilə danışdığını deyərək komendant xidmətinin rəisi vəzifəsinə təyin olunması üçün ondan 5.000 manat tələb edib. Zərərçəkən isə ona həmin məbləğdə pulu vermək imkanının olmadığını, ancaq 3.500 manat verə biləcəyini deyib. Zərərçəkən H.Həsənvova əvvəlcə 1.500 manat göndərib, bir müddət sonra da zəng edərək 2.000 manatın hazır olduğunu bildirib. Lakin özünü general kimi təqdim edən şəxs rayonda olduğunu, Bakıya gələndə görüşüb pulu götürəcəyini bildirib. Tərəflər növbəti dəfə Bakıda həmin restoranda görüşən zaman vəzifəsinin dəyişdirilməsini istəyən şəxs 2.000 manatı H.Həsənova verib. Saxta general restorandan çıxarkən əməliyyat işçiləri ona yaxınlaşıb özlərini təqdim etməklə, ondan zərərçəkənin vəzifəsinin artırılması adı ilə almış olduğu 2.000 manatı tələb edib. Bundan sonra ona pulun üzərində olan yazılar ultrabənövşəyi işıq altında təqdim olunub, o da həmin pulu zərərçəkəndən hansı məqsədlə aldığını etiraf edib. H.Həsənovun dələduzluğunun üstü daha əvvəlki görüşdə açılıb. Belə ki, o, akademiyaya general-leytenant rütbəsində gəlsə də, bu dəfə görüşə general-mayor rütbəsi ilə gəlib və öz adını fərqli təqdim edib. Bundan sonra zərərçəkən onun dələduz olduğunu anlayıb və bu barədə öz rəhbərliyinə, rəhbərlik isə məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verib. Nəticədə keçirilən əməliyyatlar özünü general kimi təqdim edən şəxs saxlanılıb. Qeyd edək ki, Hikmət Həsənov 1998-ci ildə Hərbi Akademiyanı bitirib. 1998-ci ildə qəsdən adam öldürmə ilə, 2001-ci ildə hədə-qorxu ilə tələb etmə və dələduzluqla və 2013-cü ildə isə yenidən hədə-qorxu ilə tələb etmə ilə məhkum olunub. Təxminən, ümumilikdə 20 il müddətində azadlıqdan məhrum etmə üzrə cəza çəkib. 2021-ci ilin oktyabr ayının 14-də sonuncu cəzası bitdiyindən azadlığa çıxıb. Rəsmi olaraq heç bir yerdə işləməyib. Вернуться назад |