Главная > Cəmiyyət > Xətai rayonunda yeni istifadəyə verilmiş amfiteatrda konsert keçirilib - FOTO

Xətai rayonunda yeni istifadəyə verilmiş amfiteatrda konsert keçirilib - FOTO


29-08-2022, 21:21. Разместил: admin
Avqustun 27-də Bakının Xətai rayonunda Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub.

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilən Heydər Əliyev adına istirahət parkında yeni qurulmuş amfiteatr səhnəsində keçirilən bayram konsertində əldə olunan tarixi zəfərdən danışılıb.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların və sakinlərin qatıldığı konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyiblər.

Tədbir zamanı səhnədə quraşdırılmış ekranda Laçına qayıdışımızla bağlı, həmçinin Xətai rayonunda yeni istifadəyə verilmiş ulu öndərin adına parkın, Nizami Gəncəvi adına parkın və Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan Şəhidlərin Xatirə Parkının, o cümlədən “Gənclik” parkının açılış mərasimlərindən görüntülər nümayiş etdirilib. Bildirilib ki, rayondakı Heydər Əliyev parkının ərazisi 4 hektardan 14 hektara çatdırılıb, sakinlərin asudə vaxtlarını dolğun keçirməsi üçün burada hər cür şərait yaradılıb. Burada 918 nəfərlik amfiteatr səhnəsi quraşdırılıb.

Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər. Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan bayram konserti atəşfəşanlıqla başa çatıb.











Вернуться назад