Главная > Cəmiyyət > Qazax və Samux xəstəxanalarına yeni təcili tibbi yardım avtomobilləri verilib

Qazax və Samux xəstəxanalarına yeni təcili tibbi yardım avtomobilləri verilib


6-07-2023, 11:27. Разместил: azadses
Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Qazax və Samux rayonlarının mərkəzi xəstəxanalarının direktorları və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.

“Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsi çərçivəsində Yaponiyanın “Mitsubishi” şirkətinin 2 ədəd pikap kuzalı avtomobilinin alınması və təcili tibbi yardım avtomobilinin modifikasiya olunması üçün “Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinə qrant verilib. Bu layihədə Qazax rayonunun Yuxarı Salahlı və Samux rayonunun Poylu kənd tibb məntəqələrinin hər birinə 1 ədəd təcili tibbi yardım avtomobilinin verilməsi ilə Qazax və Samux rayonlarının şimal ərazilərində yerli əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin yaxşılaşdırılmasının təmin edilməsi nəzərdə tutulub.

Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb.

İndiyə qədər Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” Azərbaycan Respublikası əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür.

Bizim Telegram kanalımıza abunə olun

Вернуться назад