Главная > Cəmiyyət > Pediatr: "Kəskin respirator virusa yoluxan uşağın ictimai yerlərdə olması tövsiyə edilmir"

Pediatr: "Kəskin respirator virusa yoluxan uşağın ictimai yerlərdə olması tövsiyə edilmir"


19-02-2024, 19:45. Разместил: azadses
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxan uşağın ictimai yerlərdə olmasının tövsiyə edilmədiyini bildirib.

"Report"un məlumatına görə, pediatr deyib ki, KRVİ özlüyündə o qədər də təhlükəli deyil, təhlükəli sayılan onun ağırlaşmasıdır.

Onun sözlərinə görə, ağrlaşmalara bronxit, sətəlcəm, otit, angina aiddir: "Kəskin respirator virus infeksiyaları əsasən hava-damcı yolu ilə yayılır. Lakin oyuncaqlar, əmzik, qulluq əşyaları vasitəsilə də yayıla bilər. Bu viruslar xarici mühitdə çox davamsızdır. Onlar otaq temperaturunda və günəş şüalarının təsirindən bir neçə saata məhv olurlar. Bu xəstəlik əsasən tənəffüs yollarına təsir edir. Xəstəliyin əlamətləri hərarətin yüksəlməsi ilə başlayır. Uşaqda halsızlıq, əzələ və oynaq ağrıları, yuxu pozğunluğu, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və ya burun axması da ola bilər. Kəskin respirator virus infeksiyası çox hallarda öskürək və zökəmlə müşayiət olunur.

Əgər virus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər qeyd olunur.
Adətən KRVİ başladığı gündən etibarən 7-10 gündən sonra keçib gedir. Xəstəliyə yoluxan uşağın ictimai yerlərdə olması tövsiyyə edilmir. Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılmalıdır. Bol maye verilməli, qaldığı otağın havası tez-tez dəyişdirilməlidir. KRVİ-dən qorunmağın güclü üsullarından biri də əllərinizin düzgün yumasıdır. Uşağa tərkibində vitamin və minerallarla zəngin olan qidalar verilməlidir".


Вернуться назад