Главная > Dünya / Manset > İsrail kəşfiyyatı İran ordusunun generalını ələ keçirib

İsrail kəşfiyyatı İran ordusunun generalını ələ keçirib


7-10-2021, 19:11. Разместил: azadses
İsrail kəşfiyyatı “Mossad” Suriyada məxfi əməliyyat icra edərək İran generalını ələ keçirib. Məlum olub ki, gizli əməliyyat sentyabr ayında həyata keçirilib.

Qeyd olunur ki, “Mossad”ın əməkdaşları Suriyada olan İran generalını qaçıraraq onu adı açıqlanmayan Afrika ölkəsinə aparıblar.

İranlı general orada dindiriləndən sonra sərbəst buraxılıb. Əməliyyatın digər təfərrüatları açıqlanmır.

“Mossad” 1986-cı ildə Livan səmasında təyyarəsi vurulan İsrail hərbçisi Ron Aradın taleyini və hansı şəraitdə ölməsini öyrənməyə çalışıb.

Daha öncə isə mətbuatda kəşfiyyat əməliyyatının uğursuz olduğu barədə məlumatlar yayılmışdı və guya “Mossad”ın rəhbəri David Barnea sözügedən əməliyyatı uğursuz hesab etdiyini bildirmişdi.

Ancaq yerli mətbuat daha sonra D.Barneanın “Mossad” əməkdaşlarına göndərdiyi məktubda əməliyyatın böyük bir uğur olaraq xarakterizə etdiyini yazıb.

Bir neçə kəşfiyyat mənbəsi də “Mossad”ın öz missiyasını tam şəkildə yerinə yetirdiyini təsdiqləyib və qeyd edilib ki, sözügedən məxfi əməliyyat İsrail kəşfiyyatının Ron Aradın taleyi haqqında etibarlı məlumat tapmaq üçün üzərinə götürdüyü ən əhəmiyyətli və uğurlu əməliyyatlardan biri hesab edilməlidir.

İsrail Baş naziri Naftali Bennett Knessetin qış sessiyasının açılışındakı çıxışı zamanı bu xüsusi əməliyyatın kompleks və genişmiqyaslı olduğunu qeyd edib.

Qeyd edək ki, Ron Aradın idarə etdiyi və İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə 1986-cı ildə Livanın Sayda qəsəbəsi üzərində vurulub.

İsrail tərəfi iddia edir ki, pilot katapult edib və daha sonra Livanın “Amal” şiə hərəkatının nümayəndələrinin əlinə keçib.

Ehtimal edilir ki, Ron Arad İrana aparılıb, lakin sonra Livana qaytarılıb. O, sonuncu dəfə 1988-ci ildə həbsdə saxlanılarkən özü barədə yaxınlarına məktublar ünvanlayıb.

R. Aradın ölümünün dəqiq vaxtı hələ də məlum deyil.

Bir versiyaya görə, o, 1988 -ci ildə işgəncə altında dünyasını dəyişib, digər versiyaya görə, həbsdən qaçmağa cəhd edərkən öldürülüb.

Başqa bir versiyada isə qeyd olunur ki, hərbi pilota tibbi yardım göstərməkdən imtina ediblər və o, 1990-cı ildə vəfat edib.

Mənbə: “The Times of Israel”


Вернуться назад