Главная > Dünya / Manset > ABŞ Çini müharibəyə təhrik edir – ŞƏRH

ABŞ Çini müharibəyə təhrik edir – ŞƏRH


16-08-2022, 18:19. Разместил: admin
Çin ərazi subyekti olan Tayvan adası üzərində suverenlik hüquqlarını, deyəsən, barıt qoxusu ilə bərpa etmək istəyir.

Tayvan indi ABŞ-la Çin arasındakı rəqabət dastanının yeni səhifələrinin yazılmasına səbəb olur. Çinin Tayvan adası yaxınlığında keçirdiyi hərbi təlimlər bu region üzərində uzun müddətdir davam edən rəqabəti nəticələndirmək məqsədlərinə xidmət edir.

Açığı, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin, ardınca isə senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinin Tayvana səfəri hər nə qədər Çinə buynuz göstərmək kimi görünsə də, “dərin sular”da bu, Tayvanı Pekinin qucağına atmaq üçün zəminlər yaradır.

Ağ Evin Tayvanı Çinin təzyiqlərindən qorumaq üçün onu ağ günə çıxarmaq cəhdi elə Tayvanın özü üçün zərərli bir tendensiya formalaşdırır.

Çin ordusu Pelosinin səfərinə reaksiya olaraq keçirdiyi hərbi təlimləri Tayvana müdaxilə ilə nəticələndirmək potensialına malikdir, lakin Pekin ABŞ-ın prosesə müdaxilə risklərini də hesablayır.

Analoji duruş ABŞ-da da hakimdir, qısası, ABŞ-la Çin üz-üzə gəlib bir-birinə güllə atmaq meylindən çəkinirlər. Belə olan təqdirdə Tayvan mövzusu ABŞ-la Çin arasında siyasi güzəşt predmetinə çevrilə bilər, hərçənd ki, bütün bunlar belə, Vaşinqtonla Pekinin hərbi qarşıdurma riskini də heçə endirə bilmir.

Mənzərə dünya siyasi nizamı və beynəlxalq münasibətlər sistemi üçün pessimizm vəd edir, çünki keçən zaman kəsiyi Çinin Tayvana hücum etmək və ABŞ-ın proseslərin önünə hərbi variantla keçmək riskini gücləndirir.

Çin Tayvan məsələsində döyüşkən və millətçi ritorika ilə meydana çıxır, ABŞ isə liberal dəyərlərin təşviq edilməsi konsepsiyası ilə. Tayvan mövzusu fərqli dəyərlər sisteminin beynəlxalq rəqabət meydanında yarışa girməsi üçün təhrikedici mənbələrdən biridir. Bu dəyərlərdən hansı qalib gəlsə, qlobal qüvvələr nisbətində üstünlük qazanacaq.

Güc balansının dəyişdirilməsi cəhdləri üçün hərbi metodlar vacibdir, buna görə də Çin Cənubi Çin dənizi boyunca hərbi bazalar inşa edib və donanmasını gücləndirib.

Çin Tayvanı güzəştə getmək niyyətində deyil və bu nəsildən-nəslə ötürülən problemi miras kimi qoymaq istəmir.

Bu versiyanı diqqət mərkəzindən kənarda saxlamayaq ki, ABŞ strateji hiyləgərliklə Çini Tayvana müdaxiləyə təhrik edir. Buna görə də Vaşinqton həmin səylərdən geri çəkilməyəcək.
Вернуться назад