Главная > Dünya > Kaluqada nəqliyyatın hərəkətinə məhdudiyyətlər aradan qaldırılıb
Kaluqada nəqliyyatın hərəkətinə məhdudiyyətlər aradan qaldırılıb25-06-2023, 17:15. Разместил: azadses |
Kaluqa vilayətinin rəhbərliyi şəxsi nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa bildirib. Qubernator gün ərzində hüquq-mühafizə orqanları ilə birlikdə normal hərəkətin təmin ediləcəyini deyib. Qeyd edək ki, ötən gün Kaluqa vilayətinin qonşu Tula, Bryansk, Oryol və Smolensk vilayətlərinə bitişik ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı. Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək. Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib. Вернуться назад |