Главная > Hadisə / Manset > “Buça və Borodyankada cəsəd torbaları gördük, bunlar saxta deyildi” - Kərim Xan

“Buça və Borodyankada cəsəd torbaları gördük, bunlar saxta deyildi” - Kərim Xan


14-04-2022, 23:49. Разместил: admin
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Kiyev vilayətindəki Buça və Borodyankaya səfəri zamanı gördüklərinin saxta deyil, reallıq olduğunu bildirib.

“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, Xan bunu Kiyevdə keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, ədalət Ukrayna və ya Rusiyanın tərəfində deyil, bəşəriyyətin tərəfində olmalıdır:

“Heç kim törətdiyi cinayətdən yaxa qurtarmamalı, əlində silah olan və ya təyyarə idarə edən hər kəs qayda-qanunlara əməl etməlidir.

Xüsusilə mülki şəxslər və mülki obyektlər vurulmamalıdır.

Rusiya ilə dialoq qurmağa çalışacağam, çünki ədalətdən başqa məqsədlərim yoxdur. Mən Ukrayna ilə də sıx ünsiyyət və əməkdaşlığı davam etdirəcəyəm. Baş Prokurorluq ilə əməkdaşlıq çərçivəsində biz çalışacağıq ki, Rusiya ilə dialoq qurulsun. Bu münaqişədə əziyyət çəkən qadınlar, kişilər və uşaqlar üçün ədalət bərqərar olsun”.

O xatırladıb ki, Buça və Borodyankaya səfər edib və BCM-dən olan ekspertlər qrupu da rus hərbçilərdən azad edilmiş digər yaşayış məntəqələrində işləyir:

“Əlbəttə, biz dağıntıları və dağılmış infrastrukturu gördük, ölənlərin cəsədləri olan torbaları gördük. Bunları dünən Buça kilsəsinin yanında gördük. Amma mən hələ Mariupol və Xarkovda olmamışam... Ona görə də, sübutlar haqqında danışmaq hələ tezdir. Sübutlar öz sözünü deməlidir və hakimlər onları nəzərə alanda və onlarla işləyəndə, o zaman artıq danışacaq nəyimizsə olacaq”.

Xan həm Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarından, həm də qeyri-hökumət təşkilatlarından gələn bütün sübutları qəbul edəcəyini və onları yoxlayacağını vurğulayıb:

“Mən heç kəsi məcbur edə bilmərəm, amma üçüncü dəfə Rusiya ilə əlaqə saxlamağa çalışacağam... Artıq üçüncü müraciəti də göndərmişəm... Qanun və ədalət bizdən qərəzsiz olmağı tələb edir və mən də buna sadiq qalmağa çalışıram”.

Kərim Xan deyib ki, həm Ukrayna, həm də Rusiya tərəfindən cinayət ittihamları var, lakin Roma Əsasnaməsinə görə, o, bütün mümkün cinayətləri dəyərləndirməli və nəzərdən keçirməlidir və məhkəmə dəlilləri nəzərə alaraq nəticəyə gələcək:

“Bu müharibədən çox insan əziyyət çəkdi, yaxınlarını itirdi... Onların haqq-ədaləti tələb etmək haqqı var... İnsanlar öldü, binalar dağıdıldı. Bunlar saxta deyil. Bu insanları, bu binaları gördük. Biz həqiqəti üzə çıxarmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün çalışacağıq”.
Вернуться назад