Главная > İqtisadiyyat > Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı


19-06-2020, 15:57. Разместил: azadses
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib. 
Azad Səs-in məlumatına görə, bu barədə AMB-nin açıqlamasında bildirilir. 
Məlumatda həmçinin deyilir ki, faiz dəhlizinin aşağı həddi 6,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən olunub. 
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcək.
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri
İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi aşağı düşüb. Rəsmi statistikaya görə may ayında 0.5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2.9% təşkil etmişdir.
Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 5.7%, qeyri-ərzaq məhsulları üzrə 1.4% və xidmətlər üzrə 0.4% təşkil etmişdir. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca dezinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasının azalmasına əlavə olaraq kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması və dünya ərzaq qiymətlərində enişin davam etməsi (2020-ci ilin 5 ayında -10.5%) də təsir göstərir.
Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin son ayda azaldığını göstərir. May ayında aparılmış sorğunun nəticələrinə görə inflyasiya gözləntiləri əvvəlki aya nəzərən qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə azalmışdır.
İyun ayında yenilənmiş proqnozlara görə mövcud makroiqtisadi siyasət çərçivəsi saxlanmaqla 2020-ci ilin sonuna ən çox ehtimal olunan inflyasiya 3-3.5%-dir ki, bu da hədəf intervalı (4±2%) daxilindədir. İqtisadiyyatda gedən proseslərdən asılı olaraq proqnozlar ilin qalan dövründə müntəzəm yenilənəcəkdir.
Qlobal mühit və xarici sektor göstəriciləri
 Pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə bir çox ölkələrdə karantin rejiminin nisbətən yumşalması, eləcə də geniş fiskal və monetar stimul tədbirlərinin reallaşdırılması iqtisadi bərpaya və bazarlara müsbət impulslar vermişdir. Bununla belə koronavirus pandemiyasının neqativ təsirləri nəticəsində qlobal iqtisadi aktivlik göstəriciləri son dekadaların tarixi minimumlarına yaxın səviyyələrdə qalır.
Tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş OPEK++ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlamışdır. İyunun ötən dövründə brent neftinin orta qiyməti 40$ olmuşdur ki, bu da mayın orta qiymətindən (32.5$) 23%, aprelin orta qiymətindən isə (27.1$) 48% yüksəkdir.
Cari ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalsa da xarici ticarət balansı profisitli qalmışdır. İdxalda azalma meyilləri xarici balansa tarazlaşdırıcı təsir göstərir. Qeyd olunanları nəzərə almaqla I yarımilliyin yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil.
Monetar şərait
Ötən toplantıdan keçən müddətdə likvidlik və kreditləşdirmə şəraitinə pul siyasəti qərarları ilə yanaşı vahid xəzinə hesabından həyata keçirilən dövlət büdcəsi xərcləri, əhalinin və biznesin dəstəklənməsi üçün tətbiq olunan tənzimləyici güzəştlər təsir göstərmişdir.
Valyuta bazarında vəziyyət may ayında da sabit olaraq qalmışdır. Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda təklif tələbi üstələmiş, tələb başlıca olaraq idxalla əlaqədar olmuşdur. Azərbaycanın başlıca ticarət tərəfdaşı olan ölkələrin valyuta bazarlarında vəziyyətin stabilləşməsi manatın nominal və real effektiv məzənnələrinin dinamikasının stabilləşməsi ilə müşayiət olunur.
Pul bazası aprel ayının sonundan bəri 8% artmış, ilin əvvəlindən bəri isə 10.6% azalmışdır.
Mərkəzi Bankın pul siyasəti alətləri faiz dəhlizi parametrləri çərçivəsində tətbiq olunmuşdur. Depozitlərin cəlbi və qısamüddətli notların yerləşdirilməsi üzrə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunmuş, bu alətlər üzrə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxınlaşmışdır.
Manatla yeni əmanət və depozitlər, habelə yeni kreditlər üzrə son ayda faiz dərəcələri fiziki və hüquqi şəxslər üzrə fərqli istiqamətlərdə dəyişmişdir. İyun ayının 1-dən başlayaraq manatla sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin yüksəlməsinin de-dollarlaşma proseslərinə müsbət təsir göstərəcəyi gözlənilir.
Əhali və biznesin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi pandemiya şəraitində kreditləşmə şərtlərinin yumşalmasına imkan verir.
İqtisadi aktivlik
Pandemiyanın Azərbaycanda daxili iqtisadi aktivliyə neqativ təsirləri may-iyun aylarında davam etmişdir. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi may ayında neqativ zonada olmuşdur.
Cari ilin 5 ayında rəsmi statistikaya görə iqtisadiyyatın baza sahələrində (qeyri neft-qaz sənayesi və kənd təsərrüfatı) iqtisadi artım davam etmişdir.
Məcmu tələbin bütün komponentlərində azalma qeydə alınmışdır. Yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 1.7%, o cümlədən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14.9% azalmışdır. Qeyri-neft sektoruna investisiya qoyuluşları 16.7% azalmışdır.
Hökumətin sosial xərclər üzrə öz öhdəliklərini tam yerinə yetirməsi və əlavə dəstək tədbirləri, sinxronlaşdırılmış makroprudensial tədbirlər iqtisadi aktivliyin daha çox azalmasının qarşısını alır, iqtisadi subyektlərin gəlirlərindəki itkiləri qismən kompensasiya etməyə imkan verir.
İnflyasiya riskləri
İnflyasiyanın risklər balansı hazırda başlıca olaraq pandemiyanın qlobal iqtisadi aktivliyə və Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlıdır. Bu təsirlərin dərinliyi və davamlılığı ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Xarici mühitlə bağlı əsas risk neftin qiymətinin yenidən kəskin enişidir ki, bu da COVİD-19-a ikinci yoluxma dalğası, ABŞ-la Çin arasında iqtisadi-ticarət münasibətlərinin pisləşməsi və ayrı-ayrı ölkələrdə sosial-siyasi gərginliklərdən irəli gələ bilər. Yeni iqtisadi normallıqların yarandığı bu şəraitdə milli iqtisadiyyatın yenidən balanslaşmasına start verilmişdir. Yenidən balanslaşma xarici mühitdəki dəyişikliklərin daxili mühitə ötürülməsinin hamarlanmasına, iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi ilə makroiqtisadi və maliyyə sabitliyi arasında balansın qorunmasına imkan verməlidir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər, makroiqtisadi sabitlik hədəflərilə iqtisadi aktivliyin dəstəklənməsi prioritetlərinin uzlaşdırılması əsas götürüləcəkdir. Mərkəzi Bank bundan sonra da ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, inflyasiyanın elan edilmiş hədəf çərçivəsində saxlanılması üçün mandatına uyğun olaraq bütün mümkün tədbirləri görəcəkdir.
Bu qərar 19 iyun 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

Вернуться назад