Главная > İqtisadiyyat > Kənd Təsərrüfatı Nazirliyi: “Ölkədə buğda ehtiyatları formalaşıb”

Kənd Təsərrüfatı Nazirliyi: “Ölkədə buğda ehtiyatları formalaşıb”


11-06-2022, 16:49. Разместил: admin
“Azərbaycanda yeni taxılçılıq mövsümünə qədər buğda ehtiyatları formalaşıb”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, ölkədə un dəyirmanlarının yaratdıqları tələbatdan iki dəfə çox buğda rezervləri, həmçinin, digər ərzaq ehtiyatları var.

F. Fikrətzadə bildirib ki, Azərbaycan ümumilikdə 1,3 milyon ton həcmində buğda idxal edir:

“Bu, ümumi buğda ehtiyatları balansı baxımından 40% idxaldan asılılıq deməkdir. Amma un emalı sənayesinin tələbatına görə idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Hazırda un emalı sənayemizin emal etdiyi buğdanın 75%-i idxal mənbələri hesabına təmin edilir. Bu isə ortalama 1,3 milyon ton deməkdir.

Düzdür, 2021-ci ildə dünya bazarında olan məhdudiyyətlərdən dolayı ölkənin idxalı müəyyən qədər azalıb. Bizim gözləntimiz budur ki, idxal mənbələrində təchizatda olan problemlər bizim un emalçılarını yerli istehsala yönəldəcək. Biz dünyanın ən böyük buğda ixrac edən ölkələrinin daxil olduğu regionda yerləşirik. Bu gün Azərbaycanın idxal etdiyi buğdanın 95%-i Rusiya hesabına təmin edilir. Emalçılar üçün Rusiyadan buğda almaq iqtisadi baxımdan ən səmərəli model idi”.

F. Fikrətzadə vurğulayıb ki, Azərbaycanda kiçik və orta fermerlərin üstünlük təşkil etdiyi bir şəraitdə, bir emal müəssisəsi 10 min ton buğdanı ölkədə tədarük etmək üçün min fermərlə razılaşma əldə etməli idi:

“Amma Rusiyada hər hansı bir təsərrüfatdan yüz min ton buğdanı ala bilirdi. Ən ucuz logistika ilə ölkənin un emalçıları Rusiyadan buğdanı alırlar. Rusiyanın buğda ixracına görə tətbiq etdiyi qiymətlər birja qiymətlərindən aşağıdır.

Emalçılar ən yaxşı təchizat mənbəyini Rusiyada görürdü. Bizim fermerlərimiz istehsal etdikləri buğda ilə heyvandarlıq təsərrüfatlarını təmin edirlər. Yəni, elə bir mühit formalaşmışdı ki, nə bizim fermerlərimiz dəyirman axtarmırdılar, nə də emalçılar fermer axtarışında deyildi. Lakin yeni dövr qarşımıza yeni çağırış qoyub”.

O, ölkədə buğda idxalını azaltmaq üçün vacib olan məqamları açıqlayıb:

“Bunun üçün yalnız iri taxılçılıq təsərrüfatlarını səfərbər etməliyik. Bəzən belə ifadə səslənir ki, biz 500 min hektarda buğda əkirik. Niyə özümüzü təmin edə bilmirik? Dünyada Rusiya, Ukrayna, Qazaxıstan, Avstraliya, Kanada kimi ölkələr taxıl ixrac edir. Bu ölkələrin orta hesabla torpaq əkini strukturu belədir ki, Avstraliyada taxıl əkilən sahələr dörd min hektardan başlayır. Rusiyada orta hesabla 1 000 hektardan başlayaraq sahələrdə taxıl əkilir. Taxılçılıq təsərrüfatları böyük olmalıdır. Bizim taxılçılıq üzrə yerli xüsusiyyətlər ondan ibarətdir ki, 1996-1998-ci ildə sosial ədalət prinsipinə uyğun olaraq torpaq islahatı aparılıb. Ölkədə ortalama taxıl üzrə əkin sahəsi 1,85 hektardır. Ona görə də strateji hədəfi iri taxılçılıq təsərrüfatlarının yaradılmasında görürük. Dövlət üçün iri taxılçılıq təsərrüfatları maraqlıdır”.
Вернуться назад