Главная > İqtisadiyyat > İlin ilk yarısının iqtisadi göstəriciləri bədbinliyə əsas yaratmır - ŞƏRH

İlin ilk yarısının iqtisadi göstəriciləri bədbinliyə əsas yaratmır - ŞƏRH


3-08-2020, 08:43. Разместил: azadses
Bir qədər əvvəl 2020-ci ilin I yarısının sosial-iqtisadi yekunları açıqlandı və məlum oldu ki, ölkəmiz bundan əvvəlki böhranlı vəziyyətlərdən fərqli olaraq bu gün daha davamlı imkanlara malikdir. 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə də iqtisadi böhran yaşamışıq. Lakin bunların heç biri iqtisadiyyatımıza indiki qədər mənfi təsir göstərməyib. Bununla belə, indi iqtisadi problemlərə daha yaxşı müqavimət göstəririk. Çünki, həm bundan əvvəlki böhrandan əldə etdiyimiz təcrübə var, həm də 2018-ci ilin II yarısından ölkədə həyata keçirilən islahatların nəticələri köməyimizə çatmaqdadır. 
Beləliklə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 33,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da illik müqayisədə 2,7% azalma deməkdir. Əksər sahələrdə kiçilmə baş versə də, kənd təsərrüfatı, eləcə də rabitə və informasiya sahələrində böyümə qeydə alınıb. Bu da birincidə mövsümlə, ikincidə isə karantin rejimi ilə əlaqədar tələbatın artmasına bağlıdır. 
ÜDM istehsalında 2,7% tənəzzül kiçik rəqəm deyil. Bununla belə, makroiqtisadi sabitlik üçün hələ ciddi təhlükə də demək deyil. İnflyasiya stabildir, valyuta bazarında çalxalanma yoxdur və sair. Amma ilin sonuna doğru mövcud təzyiqlər qalarsa, mənfi tendensiyalar arta və genişlənə bilər. Yəni, koronavirusla bağlı vəziyyət bir az da davam etsə, karantin rejimi üçüncü və dördüncü rübdə də fasiləli olsa belə tətbiq edilsə, istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi hallar qeydə alınmağa başlayacaq. Belə ki, ikinci rübdə ÜDM istehsalı göstəricisindən start götürən tənəzzül tendensiyası özünü son nəticədə valyuta bazarında büruzə verə bilər.
6 ayda dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9% və ya 338 milyon manat çox icra olunmaqla 12 023 milyon manat təşkil edib. O cümlədən İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti proqnozdan 327 milyon manat və yaxud 8,9% çox, Dövlət Gömrük Komitəsi isə 98 milyon manat və yaxud 5,1% çox vəsait toplayıb. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert 100%, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub. Son nəticədə büdcədə 292 milyon manat və yaxud proqnozdan 233 milyon manat çox profisit yaranıb ki, hesabat dövründə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələri, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib. 
Bununla belə, Azərbaycan hökuməti 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik etməyə hazırlaşır. Əslində, bunu ilin I yarısının sonuna yaxın etmək olardı. Onsuz da pandemiyanın uzanacağı aydın görünürdü. Lakin pessimistliyə də qapılmaq düzgün deyil. Neftin dünya bazar qiymətləri 40 ABŞ dollarından yuxarı təşkil edir. Həm də ki, birincisi, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək məqsədilə geniş maliyyə xərcləri həyata keçirilsə də, yuxarıda qeyd etdiyim kimi dövlət büdcəsinin icrasında hələ də profisit qalır. 
İkincisi də, Azərbaycanın valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çox təşkil edir və hələ bundan istifadə edilməyib. Əsas odur ki, pandemiya dövrü tez bitsin. 
Bu arada bir fakta da toxunmaq yerinə düşər ki, ilin I yarısında ARDNF-nin aktivləri 1 873,8 milyon ABŞ dolları artaraq 43 223,3 milyon ABŞ dollarına çatıb. Bu onu göstərir ki, qlobal iqtisadiyyatda vəziyyət tez bərpa olunarsa ölkəmizə xarici mənfi təsirlər səngiyəcək. Və bu da yerli mənfi iqtisadi amillərin öhdəsindən gəlməyə daha asan şərait və zəmin yaradacaq.
İqtisadçı-ekspert Pərviz Heydərov

Вернуться назад