Главная > Kriminal / Manset > Nərminin yanan meyitini söndürən polis: “Rəisə deyən kimi qırmızı kurtkanı soruşdu”
Nərminin yanan meyitini söndürən polis: “Rəisə deyən kimi qırmızı kurtkanı soruşdu”30-03-2022, 21:47. Разместил: admin |
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. APA xəbər verir ki, bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadə verib. Şahid deyib ki, hadisə baş verən gün Tovuz Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı kimi xidmətdə olub, həmin vaxt Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində iştirak edib. Şahid qeyd edib ki, meyitin yanması ilə bağlı məlumat daxil olan kimi rayonun polis rəisinə zəng edib. Rəis isə ondan hadisə yerində qırmızı kurtka olub-olmadığını soruşub: "Yanan meyiti İlkin, onun qonşusu Nazim Vəliyev və mən su və torpaqla söndürdük. Nazim də hadisənin görüntülərini lentə aldı. Onu da deyim ki, yanğın baş verən vaxt rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova zəng etdim. Rəis isə məndən hadisə yerində qırmızı rəngli uşaq kurtkasının olub-olmadığını soruşdu. Ətrafa baxış keçirən zaman həmin kurtkanı yanmış cəsədin yanında gördüm". Prokurorun "Hadisəni videolentə almaqda məqsədiniz nə idi” sualına isə şahid "Gələcəkdə istintaqa lazım ola bilərdi”, - deyə cavab verib. Şahid, həmçinin Nərmin itkin olduğu müddətdə axtarış işlərinin yalnız onun nənəsi ilə əmisinin evlərində və əkin sahələrində aparıldığını qeyd edib. Sabiq polisin sözlərinə görə, polis tərəfindən heç bir kənd sakininin evinə baxış keçirilməyib. Proses aprelin 6-da davam etdiriləcək. Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. İstintaq orqanı tərəfindən İlkin Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunur. Вернуться назад |