Главная > Kriminal / Manset > Özlərini polis kimi təqdim edərək adam oğurladılar, 50 min istədilər

Özlərini polis kimi təqdim edərək adam oğurladılar, 50 min istədilər


9-07-2022, 18:11. Разместил: admin
Bakıda adam oğurluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 1973-cü il təvəllüdlü Mirəfşar Seyidov 12 il 6 ay, 1982-ci il təvəllüdlü Ruslan Qədirov və 1984-cü ildə anadan olmuş Orxan Babayev isə hər biri 8 il müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Mirəfşar əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, sonuncu dəfə cəzaçəkmə müəssisəsində olanda orada tanış olduğu şəxsin Buzovnada yaşayan Tərlan adlı əmisi oğlu barədə eşidib. Həmin şəxs əmisi oğlu Tərlanın maddi imkanının yaxşı olduğunu, sıxışdırıldığı halda ondan pul almağın mümkün olduğunu deyib. Bundan sonra Mirəfşar Tərlandan pul almağın yollarını fikirləşib. O, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu öyrənib özünü polis kimi təqdim edərək onu qaçırmaq və həbs ediləcəyi ilə təhdid edib, pul almaq barədə plan qurub. Bu məqsədlə Mirəfşar Bülbülə qəsəbəsində yaşayan qonşusu Orxan və Ruslanın xidmətindən istifadə edib.

Beləliklə, onlar yanvarın 5-də Tərlanın yaşadığı evə gəliblər və özlərini polis kimi təqdim edərək əmisi oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığını, onun da onlarla birgə Yasamal Rayon Polis İdarəsinə getməli olduğunu deyiblər. Tərlan polis olduğuna inandığı həmin şəxslərin gəldiyi “Hyundai Tucson” markalı avtomobilə oturmağa razılaşıb. Yolda olarkən Orxan, Mirəfşar və Ruslan növbə ilə sükan arxasına keçiblər və Tərlanın gözlərini bağlayaraq onun da narkotik vasitələrin dövriyyəsi əməllərinə görə axtarışda olduğunu və həbs ediləcəyini deyiblər. Bundan sonra həmin şəxslər maşını Suraxanı rayonu istiqamətinə sürərək Mirəfşarın evinə gəliblər və Tərlanı qapalı otağa salaraq gözlərini açıblar. Onlar Tərlandan buraxılması üçün əvvəlcə 50 min, daha sonra 10 min manat tələb ediblər. Girov götürülən şəxs isə polis olduğunu düşündüyü şəxslərə 5 min manat verə biləcəyini deyib.

Məhkəmədə ifadə verən Orxan Babayev deyib ki, Tərlan dayısı oğluna zəng edərək pul istəyib:

“Tərlan öz telefonu ilə dayısı oğluna zəng edərək “zibilə düşdüyünü, qumarda 5000 manat pul uduzduğunu, təcili olaraq, həmin məbləğdə pulu taparaq, ona zəng etməsini” bildirdi. Daha sonra Mirəfşar Tərlana həmin məbləğdə pulun tapılmalı olduğunu, onun heç kimdən qorxmadığını deyərək evində əkdiyi marixuana kollarını göstərdi”.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan və Orxan planın Mirəfşar tərəfindən tərtib edildiyini bildiriblər. Onlar qeyd ediblər ki, Tərlanın dayısı oğlu yanvarın 5-də gecə saatlarında 5 min manatı avtomobillə köhnə “Komomol” dairəsi adlanan əraziyə - Bakı Dövlət Sosial İqtisad Kollecinin qarşısında gətirərək verib və Tərlanı 6 saata yaxın davam edən girovluqdan sonra sərbəst buraxıblar.

Hadisədən təxminən 15 gün sonra isə Tərlan onu aparan şəxslərin əslində polis olmadığını öyrənib və Daxili İşlər Nazirliyinə müraciət edib.

Tutulan şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (adam oğurluğu – qabaqcadan əlbir olan şəxslər tərəfindən və tamah məqsədilə törədildikdə) maddələri ilə iş açılıb.
Вернуться назад