Главная > Manset > Bakı metrosu 38 gündən sonra yenidən fəaliyyətdə - VİDEO

Bakı metrosu 38 gündən sonra yenidən fəaliyyətdə - VİDEO


9-05-2020, 14:38. Разместил: azadses
Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti bu gündən bərpa edilib.
Azad Səs-in məlumatına görə, bu gün saat 06:00-dan etibarən Bakı metrosu sərnişinləri qəbul etməyə başlayıb.
Adi iş rejimində gecə saat 00:00-a qədər işləyəcək “Bakı Metropoliteni” pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirəcək.
Metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı Qərarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi qərarlara uyğun olaraq, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcəkdir.
Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.
Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.
Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.
Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.
Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq.

Вернуться назад