Главная > Manset / Siyasət > Vədlər yerinə yetirilib, proqramlar icra edilib: Xalq öz qiymətini seçkidə verəcək - “Kaspi”nin ŞƏRHİ

Vədlər yerinə yetirilib, proqramlar icra edilib: Xalq öz qiymətini seçkidə verəcək - “Kaspi”nin ŞƏRHİ


9-12-2023, 21:10. Разместил: azadses
Dekabrın 7-də baş vermiş iki hadisə fərqli məzmunlarına baxmayaraq, 44 günlük müharibədən sonra Azərbaycanın yiyələndiyi yeni status və inkişaf prosesinin növbəti mərhələsindən doğan vəzifə və çağırışların carçısı oldu:

- Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı;

- Azərbaycan və Ermənistanın yaydıqları birgə məlumatda əsirlərin dəyişdirilməsi və iki dövlət arasındakı münasibətlərdə gərginliyin azaldılması üçün bir sıra qarşılıqlı addımların atılması barədə ictimaiyyətə məlumat verildi.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Postmüharibə dövrünün qalib Azərbaycanı

Bu iki xəbərin bir-biri ilə əlaqəsinin olmamasına baxmayaraq, hər ikisi postmüharibə dövrünün qalib Azərbaycanının reallıqlarından irəli gəlir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala, daha geniş zaman kəsiyi üçün götürsək, iki əsrdən çox tarixi olan ədalətsizliyə son qoyub. Əvvəl 44 günlük müharibə ərzində 27 il əsarət altında olmuş torpaqlarımız hərbi yolla azad olunub və həm Ermənistanla qarşıdurmada, həm də böyük ölçüdə bölgədə yeni reallıq yaranıb. Üç il sonra isə zərgər dəqiqliyi ilə həyata keçirilmiş nümunəvi və hərb dərsliklərinə düşəcək antiterror tədbirləri ilə ötən əsrin sonlarından torpaqlarımızda qol-budaq açmış aqressiv separatçılığın kökü kəsilib. Özünü “müstəqil” elan edib Azərbaycan dövlətinə və xalqına qarşı hərbi cinayətlər törətmiş kriminal xuntanın üzvləri həbs olunub, qanun qarşısında cavab vermək üçün Bakıya gətirilib.

Addım-addım bu günə doğru
Bugünkü qalib Azərbaycan hər bir vətəndaşın Prezidentindən əsas gözləntisi, eyni zamanda, dövlət başçısının da bu vəzifəyə ilk dəfə seçilərkən xalqa verdiyi başlıca vəd idi. Azərbaycan xalqını bu illər ərzində müharibənin, mübarizənin həm hərbi, həm də diplomatik cəbhəsində əldə etdiyi zəfərə doğru aparan yeganə amal məhz bu olub: ərazi bütövlüyümüzün bərpası və bayrağımızın Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanması. Prezident İlham Əliyev 2003-cü ildən etibarən xalqı planlı şəkildə, addım-addım məhz bu günə doğru gətirib. Hərbi qələbənin yolu isə ölkədə yaranmış güclü və sabit iqtisadiyyat, qüdrətli ordu, dayanıqlı sosial rifah və vətənpərvər cəmiyyətin formalaşmasından keçir. 27 sentyabr 2020-ci ildən 19-20 sentyabr 2023-cü ilədək Azərbaycan xalqı bu siyasətə öz qarşılığını verib: dövlət başçısının ətrafında formalaşmış milli həmrəylik və birliklə.

Liderdən gələn təşəbbüs

Fevralın 7-ə təyin olunmuş növbədənkənar prezident seçkisində xalq dövlət başçısına yeni dövr Azərbaycanın önündə duran hədəflərin icrası üçün mandat verməlidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında hesabatıdır. Verilən vədlər yerinə yetirilib, qarşıya qoyulmuş proqramlar icra edilib, ona görə də xalq liderinin ötən dövrdəki fəaliyyətinə qiymət verməlidir. Bu addımın unikallığı ondadır ki, təşəbbüs xalqdan deyil, liderdən gəlir. Növbəti seçkiyə hələ xeyli müddət qalmasına baxmayaraq, həm islahatların davam etdirilməsi, həm də işğaldan azad edilmiş torpaqların bərpası, infrastrukturun qurulması və “Böyük Qayıdış”ın həyata keçirilməsi kimi ümummilli məqsədlərin icrası xalqla birlikdə reallaşdırılmalıdır. Bizim sürətlə dəyişən və yenilənən dünyada ləngimək kimi lüksümüz yoxdur.

Seçkinin başlıca məntiqi...

Əldə edilən zəfər Azərbaycan xalqının əvvəl ümummilli lider Heydər Əliyevin ətrafında birləşib müstəqil dövlətin əsaslarının qoyulmasının, sonra isə Prezident İlham Əliyevə dəstək durub vahid güc olaraq düşmən üzərində qələbənin qazanılmasının nəticəsidir. Prezident İlham Əliyev ümumxalq əhəmiyyətli bütün addımlarını vətəndaşla razılaşdıraraq həyata keçirib. Bu milli həmrəylik gənc dövlətimizə qarşı ən həssas dövrlərdə edilən təzyiq və təhdidlərin neytrallaşdırılmasının açarı rolunu oynayıb. İstənilən xarici təsir daxili birliyin qarşısında acizdir. Prezident İlham Əliyev bu həmrəylik mühitini yaratmaqla və beynəlxalq hüquq müstəvisində üstünlüyü qazanmaqla xalqımızın qarşısında duran, illər boyu bizə “hesablaşın” deyərək razı salmaq istədikləri ədalətsizliyi hazırkı gerçəkliklə əvəz etməyə nail olub. Bu gün fövqəldövlətlər belə Azərbaycanın müstəqil siyasəti ilə hesablaşmaq məcburiyyətindədirlər. Ancaq Prezident üçün xalqın rəyindən önəmli qiymət ola bilməz. Fevralın 7-ə təyin olunmuş seçkinin başlıca məntiqi məhz budur.

Azərbaycanda postmüharibə dövrünün quruculuq mərhələsi start götürüb. Qarşıdakı hədəflərin unikallığı və modernliyi tək dövlətin deyil, cəmiyyətin və hər bir fərdin yeni dövrə münasibət bildirməyini tələb edir. Bunun yeganə yolu və vasitəsi seçkidir. Özü də bu seçkini fərqləndirən ən başlıca amil müstəqil Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq prosesin bütün suveren ərazilərimizi əhatə etməsidir...


Вернуться назад