Главная > Manset / Kriminal > Fazil Mustafaya sui-qəsddə günahlandırılan şəxs: Peşman deyiləm

Fazil Mustafaya sui-qəsddə günahlandırılan şəxs: Peşman deyiləm


2-03-2024, 18:00. Разместил: azadses
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə iclasda təqsirləndirilən Səbuhi Şirinov ifadə verib.

O hadisədə iştirakının detallarını açıqlayıb:

“Hadisə yerinə bir neçə dəfə getmişəm, lakin Fazil Mustafanın yanında uşaq var idi. Evin yerini Elşad Əsgərov demişdi, silahı isə (7.62 mm-lik avtomat) Azər Səricanov vermişdi. Ora getməzdən qabaq silahın darağı dolu idi. Məqsədim onu qorxutmaq idi. 25-30 metr məsafədən Fazil Mustafaya təxminən 7 güllə atdım. Sərbəst və həyacanlanmadan hadisə yerindən uzaqlaşdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra digər təqsirləndirilən şəxs Azər Səricanovla telefonda danışıb:

"Azər Səricanov sui-qəsdin qarşılığında mənə şirinlik verdi. Azər mənə deyəndə ki, bir nəfəri qorxutmaq lazımdı düşünmədən və onun haqqında məlumat toplamadan qəbul etdim".

Daha sonra təqsirləndirilən Elşad Əsgərov dindirilib. O, deputatın evinin yerini göstərdiyini deyib.

“İstintaq dövründə verdiyim ifadəni təsdiq edirəm. Etdiyim əmələ görə peşman deyiləm. Fazil Mustafanın evinin yerini Səbuhi Şirinova mən göstərmişəm. Ona dedim ki bu işdə məndə sənlə həmfikirəm. Səbuhi ilə 3 dəfə həmin ünvana gedərək onu vurmaq istəmişik. Avtomobilimlə Səbuhini hadisə günü həmin ünvanda düşürdüm başqa yerə döndüm. Bir az keçdi ki Səbuhi geri döndü və getməyimizi dedi. O bildirdi ki, 9 güllə atdı”.

Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.


Вернуться назад