Главная > Manset / Siyasət > DTX-nin əməkdaşları texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər
DTX-nin əməkdaşları texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər9-03-2024, 18:52. Разместил: azadses |
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti “LEAP2024” və “DeepFest” texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, martın 4-7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” yeni nəsl texnologiya və kibertəhlükəsizlik sərgisi keçirilib. Texnologiya nəhənglərinin iştirak etdiyi, dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatıldığı bu tədbirdə müvafiq sahə üzrə ekspert və mütəxəssislər tərəfindən müasir çağırışlar, süni zəka əsaslı yeni nəsil kibertəhlükəsizlik həlləri, sənaye nəzarət sistemlərində kiberinsidentlərin idarə olunmasına dair məsələlər, 2030-cu ilədək qlobal texnologiya hədəfləri ilə bağlı ətraflı fikir mübadiləsi və geniş müzakirələr aparılıb. Tədbirdə ölkəmizin aidiyyəti dövlət qurumlarının və respublikamızda fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti də iştirak etmişdir. Tədbir çərçivəsində DTX-nin nümayəndə heyəti ilə “CİSCO” şirkətinin rəhbər vəzifəli şəxsləri arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə texnoloji sahənin davamlı inkişafı üçün mühüm işlərin görüldüyündən danışan DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov respublikamızda rəqəmsallaşma prosesinin sürətlə aparıldığını, texnoparkların yaradıldığını, işğaldan azad edilmiş Qarabağ ərazisində “Ağıllı kənd” və s. bu kimi innovativ layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Eyni zamanda, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, sözügedən sahə üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, kibertəhdid xarakterli məlumatların mübadiləsi üzrə platformanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmiş, Azərbaycanın mövqeyinin qlobal kibertəhlükəsizlik indeksində xeyli irəlilədiyi xüsusi vurğulanaraq, Azərbaycanda həyata keçirdiyi önəmli layihələrə görə “CİSCO” şirkətinə təşəkkür bildirilmişdir. Keçirilmiş görüşdə “CİSCO” şirkətinin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda hazıradək reallaşdırdığı innovativ layihələri bundan sonra da davam etdirəcəyini və bu xüsusda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd etmişlər. Sonda görüşün əhəmiyyətinə və nəticələrinə toxunularaq, ilkin mərhələdə “CİSCO” şirkəti tərəfindən ölkəmizdə rəqəmsal akselerasiya, həmçinin kibertəhlükəsizlik sahəsində yeni təhsil proqramlarının genişləndirilməsi və qabaqcıl təcrübələrin transferinə dair yeni əməkdaşlıq imkanlarının razılaşdırıldığı vurğulanmışdır. Вернуться назад |