Главная > Manset / Dünya > Ekspert ÜST-ün həyəcan təbili çaldığı superbakteriyaların harada yayıldığını izah etdi

Ekspert ÜST-ün həyəcan təbili çaldığı superbakteriyaların harada yayıldığını izah etdi


20-09-2024, 15:42. Разместил: azadses
Bu yaxınlarda bütün dünyada xəstəxanalarda yenidoğulmuşların intensiv terapiya şöbələrində sepsisin səbəbi olan az öyrənilmiş superbakteriya qeydə alınıb. Antibiotiklərə qarşı rezistentliyə (dözümlüyə) malik olan və insanların sağlamlığı üçün ciddi təhlükə təşkil edən bu mikroorqanizmlər alimləri uzun zamandır narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, belə belə superbakteriyaların səbəb olduğu infeksiyalar 2050-ci ilə qədər 39 milyon insanın həyatına son qoya bilər.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, Rusiya Elmlər Akademiyası Ural bölməsinin İmmunologiya və Fiziologiya İnstitutunun baş elmi işçisi Mixail Bolkov bu bakteriyalarla mübarizə üsullarından danışıb.

Onun sözlərinə görə, superbakteriyalar əsasən xəstəxanalarda yayılır, çünki burada onlar rəqabətlə qarşılaşmırlar.

"Rezistent bakteriyalar müxtəlif antibiotiklərin təsirinə qarşı unikal müqavimət qabiliyyətinə malikdirlər. Onların əsas yaşayış mühiti xəstəxanalardır. Burada onlar yaşama və çoxalma üçün əlverişli şərait tapırlar. Bu, bakteriyaların antibiotiklərə uyğunlaşma prosesində adətən dərmanların hədəf aldığı müəyyən örtüklərdən xilas olması ilə əlaqədardır. Nəticədə, onlar xəstəxana mühitində digər mikroorqanizmlər qarşısında üstünlük əldə edirlər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, belə bakteriyalarla mübarizə çox çətindir. Bu bakteriyalara qızılı stafilokok (MRSA) və E.coli (bağırsaq çöpü) ştammları kimi təhlükəli infeksiyalar aiddir.

"Bu mikroorqanizmlər ənənəvi müalicə üsulları ilə mübarizə aparmağın son dərəcə çətin olduğu ciddi infeksiyalara səbəb olur. Xüsusi narahatlıq doğuran vəziyyət reanimasiya şöbələrində müşahidə olunur. Hətta Fransa və ABŞ kimi bir çox inkişaf etmiş ölkələrdə belədir. Gələcəkdə bəşəriyyət bu mikroorqanizmlərlə mübarizəyə əhəmiyyətli resurslar sərf etməli olacaq, çünki onlar bütün yoluxucu xəstəliklər arasında dominant təhlükəyə çevrilə bilərlər", - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, dünyanın hər yerindən alimlər superbakteriyalarla mübarizənin yeni üsullarının yaradılması üzərində işləyirlər.

"Perspektivli istiqamətlərdən biri antimikrob peptidlərin və oxşar maddələrin hazırlanmasıdır. Bu birləşmələr adi antibiotiklərin təsirindən fərqli prinsiplə bakteriyaları məhv etmək qabiliyyətinə malikdir ki, bu da dərmanlara davamlılığın aradan qaldırılmasının açarı ola bilər".

Alim vurğulayıb ki, belə bir dərmanın hazırlanması çox baha başa gəlir və bəşəriyyət hələlik bakteriyaların yeni antibiotiklərə qarşı sürətlə davamlılıq qazandığı yarışda uduzur.


Вернуться назад