Главная > Manset / Siyasət > Azərbaycan və Latviyanın XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Latviyanın XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər - YENİLƏNİB


Dünən, 08:00. Разместил: azadses
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində latviyalı həmkarı Baiba Braje ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.

“25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb”, – məlumatda diqqətə çatdırılıb.

Bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud siyasi, iqtisadi, regional təhlükəsizlik, parlamentlərarası əlaqələr və humanitar məsələlər üzrə əməkdaşlıq məsələlərini, habelə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində hazırlıq işləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər:

“İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektlər üzrə inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın bu dinamikada digər istiqamətlər, o cümlədən infrastruktur, nəqliyyat və enerji təhlükəsizliyi üzrə davam və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb”.

Azərbaycanın baş diplomatı “qarşı tərəfi COP29 sədrlik fəaliyyətimiz, məqsəd və prioritetlərimiz, bu çərçivədə irəli sürülən 14 əsas təşəbbüs və onların praktiki icrasının təmini üçün görülən işlər barədə ətraflı məlumatlandırıb”:

“İqlim dəyişikliyi ilə mübarizə səylərinə maliyyə vəsaitinin cəlbinə hədəflənən sədrliyimizin bu istiqamətdə İqlim Maliyyə Fəaliyyəti Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi diqqətə çatdırılıb”.

Məlumata görə, Azərbaycanın “COP29 sədrliyi prosesini inklüzivlik əsasında qurduğu və bu xüsusda bütün maraqlı tərəfləri prosesə cəlb etmək niyyətində olduğu diqqətə çatdırılıb”:

“Qarşı tərəf həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, aparılan ikitərəfli danışıqlar prosesi, əldə olunan irəliləyişlər, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran Ermənistanın qanunvericilik aktları, xüsusilə Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları barədə məlumatlandırılıb”.

“Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb”, – məlumatda vurğulanıb.

21:26
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində latviyalı həmkarı Baiba Braje ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Latviya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xarici işlər nazirləri, həmçinin COP29-a hazırlıq, regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycanın sülh səylərini müzakirə ediblər.


Вернуться назад