Главная > Siyasət > Şahin Mustafayev Rüstəm Qasemini azad olunmuş ərazilərdəki işlərlə tanış etdi
Şahin Mustafayev Rüstəm Qasemini azad olunmuş ərazilərdəki işlərlə tanış etdi24-01-2022, 21:17. Разместил: admin |
İranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. “Azadsəs.az” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib. Onlar Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin ərazilərdə həyata keçirilən nəqliyyat və digər infrastruktur layihələri ilə tanış olublar. İlk növbədə qonaqlara təyyarənin Tehrandan birbaşa reyslə endiyi Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib, cəmi doqquz ay ərzində inşa olunduğu diqqətə çatdırılıb. Sonra nümayəndə heyətləri Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda Beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu layihəsi üzrə görülən işlərlə tanış olublar. Tanışlıq zamanı layihənin əhəmiyyəti haqqında danışılıb, İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb. Qonaqlar, həmçinin, işğaldan azad edilmiş ərazilərdə inşa edilməkdə olan ikinci hava limanı – Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar. Daha sonra Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmir yolu layihəsinə baxış keçirilib, avtomobil və dəmir yolu layihələri ilə bağlı təqdimatlar dinlənilib. İşğaldan azad edilmiş ərazilərə səfər boyu qonaqlara ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlər barədə məlumat verilib. Səfərin sonunda nümayəndə heyəti Füzuli şəhəri ilə tanış olaraq bütün yaşayış və infrastruktur obyektləri, o cümlədən məscidlərin tamamilə dağıdıldığının canlı şahidi olublar. Вернуться назад |