Главная > Siyasət > Ermənistan azad edilmiş ərazilərdə mina sahələrinə dair formulyarları Azərbaycana verib

Ermənistan azad edilmiş ərazilərdə mina sahələrinə dair formulyarları Azərbaycana verib


12-02-2024, 11:18. Разместил: azadses
Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.

Bu barədə "Report"a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur:

"Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib".

Qurumun məlumatında qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.

"Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir" - deyə, ANAMA-dan bildirilib.


Вернуться назад