Главная > Siyasət > Rusiya və Türkiyə hərbçiləri Azərbaycana niyə gəlib? - Bunları bilmirsiniz...

Rusiya və Türkiyə hərbçiləri Azərbaycana niyə gəlib? - Bunları bilmirsiniz...


19-11-2020, 11:10. Разместил: azadses
Rusiya və Türkiyə hərbçilərinin Azərbaycana gəlmələrinin mənası odur ki, Ermənistanın təslim olması şərtlərinə görə, onun silahlı qüvvələri bizim ölkənin bütün ərazisini tərk etməyə məcbur edilib, münaqişəyə qədər əsasən ermənilərin yaşadıqları ərazinin bir hissəsində isə təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edəcəklər.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi fazasının ikinci mərhələsi başa çatıb və biz yeni mərhələnin başlanğıcının astanasındayıq:
“Münaqişə zonasındakı Azərbaycanın nəzarətində olan bütün ərazilərdə və 1 dekabr tarixindən sonra nəzarətimizə keçəcək digər torpaqlarımızda dövlətimizin yurisdiksiyası tam həcmdə və məhdudiyyətsiz şəkildə bərpa olunacaq.
Yuxarıda qeyd olunan hərbi-texniki reallıqlar çərçivəsində ümumilikdə beynəlxalq aləm tərəfindən tanınmış məhz bizim torpaqlarımızın yerdə qalan 3 faizi üzərində Azərbaycanın suverenliyinin bərpası istiqamətində siyasi proseslər baş verəcək”.
Politoloq qeyd edib ki, razılaşmaların həyata keçirilməsi ilə 1 dekabr tarixindən sonra məcburi köçkünlərin 99 faizə qədəri – 1991-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş total-etnik təmizləmənin qurbanı olmuş azərbaycanlılar öz evlərinə qayıtmaq imkanı qazanacaqlar:
“Qeyd olunanlardan çıxış edərək, əsas taktiki vəzifələr aşağıdakılardır:
1. Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması cədvəli ilə nəzərdə tutulmuş tədbirlərin qeyd-şərtsiz icrası;
2. 1 dekabr tarixindən sonra ən qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin yerdə qalan bütün bölmələrinin və texnikasının müəyyənləşdirilməsi və Azərbaycan ərazisindən çıxarılmasının təmin edilməsi;
3. Sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ərazidən çıxarılması;
4. Hazırda qanunsuz silahlı birləşmələrin dövriyyəsində olan silah və hərbi texnikanın toplanması və Azərbaycan tərəfinə təhvil verilməsi;
5. Sülhməramlı qüvvələrin nəzarətindəki ərazilərdə qeyri-qanuni olan şəxslərin müəyyənləşdirilməsi və oradan uzaqlaşdırılması.
Bu vəzifələri yerinə yetirmək üçün sülhməramlı qüvvələrin və müşahidə missiyasının mandatının müəyyənləşdirilməsi üzrə Rusiya Federasiyası və Türkiyə Respublikası ilə dərhal danışıqlara başlayacaq hökumət orqanı yaratmaq lazımdır. Nəticədə meydana çıxacaq sənəd Milli Məclisin xüsusi qərarı ilə təsdiq edilməlidir”.

Вернуться назад