Azərbaycan diasporu Niderland Krallığının parlamenti və senatına müraciət edib
- 25-02-2021, 23:15
- Cəmiyyət
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Koordinasiya Şurasına daxil olan diaspor təşkilatları adından Niderland parlamentinə ünvanlanan bəyanatda bildirilib ki, XX əsrin sonunda erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində etnik və nifrət zəminində törətdikləri dəhşətli soyqırıma indiyədək Niderland parlamentində hüquqi-siyasi qiymət verilməməsi təəssüf doğurur:
“Niderland Krallığı dünyada demokratiya, ədalət və insan hüquqları üzrə aparıcı dövlət olduğundan ölkə parlamentinin Xocalı soyqırımını müzakirəyə çıxarmasını tələb edirik. Ümid edirik ki, parlamentin səlahiyyət müddətinin başa çatmasına qədər ədalət naminə bu müzakirələr gerçəkləşdirilə bilər”.
Xocalı soyqırımı barədə susmağın yeni cinayətlərin törədilməsinə zəmin yaratdığına diqqəti cəlb edən soydaşlarımız niderlandlı deputatları insanlıq naminə susmamağa, günahsız insanlara qarşı törədilən soyqırımın tanınması haqda məsələni parlamentin iclasında müzakirə etməyə çağırıblar.