Zərərsizləşdirilən şəxs polisləri qumbara ilə partlatmaq istəyib... - Rəsmi

“Azadsəs.az” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Babayevin yeri müəyyən edilib, sonuncu polis əməkdaşlarına özünü və polis əməkdaşlarını qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilib.
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus “LLama cal 32” markalı tapança və “F-1” markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürüıüb.
Həmçinin, araşdırmalarla müəyyən edilib ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.