azadses.az » Manset » Nazir müavini: 30 il davam edən işğal dövründə Ermənistan Qaragölü ölü gölə çevirib – MÜSAHİBƏ

Nazir müavini: 30 il davam edən işğal dövründə Ermənistan Qaragölü ölü gölə çevirib – MÜSAHİBƏ

Erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda hazırda meşəbərpa işləri həyata keçirilir, meşələrimizə, bölgənin ətraf mühitinə, fauna və florasına dəymiş ziyanlar hesablanır və aradan qaldırılması istiqamətində tədbirlər görülür. Həmin ərazilərdə milli parklar və təbiət qoruqlarının yaradılması layihələri üzərində iş aparılır. Ümumilikdə, ölkə ərazisində yaşıllıqların salınması davam etdirilir. Bundan başqa, "Qırmızı Kitab"ın son nəşrinə düşmüş fauna və flora növlərinin qorunması istiqamətində də addımlar atılır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Report”a müsahibəsində bu sahədə görülən işlər, qarşıda duran vəzifələr və planlardan danışıb.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycanın meşə sahələrində hər ilin yaz və payız mövsümlərində meşəbərpa tədbirləri aparılır, yaşıllıqların miqyası genişlənir. Son 5 ildə nə qədər ərazidə meşəbərpa tədbirləri görülüb?

- Məlumdur ki, Azərbaycan ərazisinin cəmi 11,8%-i meşə örtüyü altındadır. Bu baxımdan meşə örtüklü ərazilərimizin artırılması, yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. Son beş ildə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının 12 min hektarında 9 milyondan çox ağac-kol tingi əkilib, genişmiqyaslı meşəbərpa işləri aparılıb, ərazilərə 165 tondan çox yerli meşə cinslərinin toxumları səpilib. Qeyri-meşə fondu ərazilərində, xüsusən Abşeron yarımadası və ətraf ərazilərdə yaşıllaşdırma işlərinin aparılması üçün tədbirlər görülüb və proses davam edir.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 3000 hektar ərazidə 2,4 milyondan çox ağac və kol tingi əkilib. Əkin işləri əsasən Müşfiqabad qəsəbəsi və Xocasən gölünün ətrafında, Bayıl yamacında, hava limanından şəhərə doğru gələn Zığ şossesinim sağ və sol istiqamətlərində, paytaxtdan şimal-qərb istiqamətində çıxan Bakı-Şamaxı, şimal istiqamətində çıxan Bakı-Quba və cənub-qərb istiqamətində çıxan Bakı-Qazax və Bakı-Astara magistral yollarının kənarlarında həyata keçirilib.

- 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında qalıb və həmin dövrdə meşə fonduna nə qədər ziyan dəyib? Bununla bağlı hesablamalar aparılıbmı?

- Ziyan böyük miqyaslıdır. İşğaldan azad olunmuş ərazilərimizdə meşə fondu torpaqlarımız 260 min hektarın üzərindədir. İşğala qədərki dövrdə aparılan meşə quruluşu işlərində həmin ərazilərin 216 min hektarının meşə örtüklü ərazi olduğu göstərilir. 2020-ci il 2-ci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra aparılan monitorinqlər və qiymətləndirmələr nəticəsində məlum olub ki, 54 min hektardan çox meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə 152 təbiət abidəmiz var. Bunların əksəriyyətinin yaşı 100 illərlə ölçülən ağaclardır. Onlardan 131-i və ya 80%-i məqsədli olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət abidələrimiz, bərpası mümkün olmayacaq dərəcədə sıradan çıxarılıb, hətta kökləri yandırılıb ki pöhrə belə verməsinlər.

Təkcə meşə fondu deyil, ərazilərimizdə olan yeraltı təbii sərvətlərə və su ehtiyatlarına da işğalın, təəssüf ki, çox böyük mənfi təsirlərini görürük.

İşğaldan azad olunan ərazilərdə 167 faydalı qazıntı yatağımız var, onların 52-də qanunsuz istismar işləri aparılıb. Çox qiymətli, əsasən də əlvan metallar olan yataqlarımız amansızlıqla istismar edilib. Bu məsələlərlə bağlı beynəlxalq ekspertlərin də cəlb olunması ilə qiymətləndirmə aparılır və nəticələr aidiyyəti komissiya və dövlət qurumlarına təqdim olunur. Artıq beynəlxalq məhkəmələrdə bu məsələlərin bir çoxu ilə bağlı iddialar qaldırılıb.

- Qarabağ və Şərqi Zəngəzurda hansı layihələr həyata keçirilib, yaşıllaşdırma və meşəbərpa ilə bağlı gələcəkdə hansı işlər nəzərdə tutulur?

- Meşəbərpa və biomüxtəlifliyin bərpası ilə bağlı layihələrə artıq başlanılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 60 hektardan çox sahədə-Zəngilan, Cəbrayıl, Füzuli ərazilərində meşəbərpa layihələri həyata keçirilib, daha 160 hektarda isə 130 mindən çox ağac əkilib. Cəbrayılda Türkiyə ilə birgə layihə çərçivəsində Cəbrayıl Meşə Təlim-Tədris Mərkəzi və ağıllı tingçilik kompleksinin tikintisinə başlanılıb, dostluq meşəsi və ətraf ərazilərdə yaşıllıqlar salınıb.

2024-2026-cı illər ərzində minatəmizləmə işləri başa çatdıqca 1150 hektar ərazidə meşəbərpa işləri aparmağı planlaşdırmışıq. Bioloji müxtəlifliyin bərpası, tarixən arealları həmin ərazilər olmuş fauna və flora növlərinin qaytarılması ilə bağlı layihələrimiz var. Artıq Şərqi Zəngəzur və Qarabağ ərazisinə 33 baş ceyran, 5 şahin quşu və 4 baş Şərqi Qafqaz turu buraxmışıq.

- Cəbrayıl ərazisinə buraxılan 33 baş ceyran əraziyə uyğunlaşa bilibmi?

- Ceyranlara elektron GPS-ə bağlanmış xalta taxılıb və izlənilirlər. Bizi ən çox narahat edən heyvanların minaya düşmə təhlükəsidir. Düzdür, ceyranlar daha az minalanmış ərazilərə buraxılıb və aparılan müşahidələr göstərir ki, onlar əsasən Arazboyu ərazilərdə, Xudafərin, Qız Qalası su anbarlarına yaxın yerlərdə məskunlaşıblar və hazırda vəhşi yırtıcı heyvanlardan başqa, onlara hər hansı digər təhlükənin olmadığı göstərilir.

- Yaşıllıqların genişləndirilməsinin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyəti, karbon emissiyasının qarşısının alınmasında rolu və bu sahədə qarşıdakı hədəflər nədən ibarətdir?

- Qlobal iqlim dəyişmələri dünyanı ən çox düşündürən məsələdir. Azərbaycan da təəssüf ki, qlobal iqlim dəyişmələrinin təsirlərindən kənarda qalmayıb.

Temperaturun yüksəlməsi ilə yağan yağışların miqdarının azalması əsasən su ehtiyatlarımıza öz mənfi təsirini göstərir. Həmçinin səhralaşmanın artması və yaşıl örtüklü meşə ərazilərinin məhz bu səbəbdən azalması müşahidə edilir. İqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycan bütün beynəlxalq təşəbbüslərə qoşulub. Ölkəmiz həm Paris sazişi, həm ondan sonrakı Qlazqo razılaşmaları ilə 2030-cu ilə kimi 35%, 2050-ci ilə kimi 40 % olmaqla karbon emissiyalarının azaldılmasına görə öhdəliklər götürüb.

Karbon emissiyalarını əsasən energetika sahəsi formalaşdırır və bu sahədə Azərbaycanın həyata keçirdiyi alternativ, bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı layihələr 2030-2050-ci illərdə qarşıya qoyduğumuz "yaşıl enerji" hədəflərimizə çatmağımıza kömək edəcək. Eyni zamanda, iqlim dəyişmələrinin təsirindən su ehtiyatlarının azalması həm ölkə ərazisində formalaşan su ehtiyatlarında, həm də ölkəyə digər ölkələrdən transfer olunan su miqdarlarında özünü göstərir.

Digər məsələ iqlim dəyişmələrinin meşə sahələrinə təsiridir. Ən vacib məqamı qeyd edim ki, yaşıllıqlar, meşə ilə örtülü sahələr də iqlim dəyişmələrinə səbəb olan karbon emissiyasının azalmasını təmin edən əsas amillərdən biridir və Ekologiya və Təbii Sərvətlər Nazirliyi sudan səmərəli istifadəni, yaşıllıqların artırılaraq qorunmasını prioritet sayır. Daha bir maraqlı məsələ odur ki, hazırda Azərbaycanın dünyada formalaşan karbon emissiyalarındakı payı 0,15 % civarındadır.

Dünyanın 5 ölkəsi karbon emissiyasının 60 %-dən çoxunu istehsal edir. Azərbaycan bu cür öhdəlikləri öz üzərinə götürməklə həm də həmin dövlətlərə çağırış edir ki, planetimizin təhlükəsizliyi ilə bağlı məsuliyyətlərini hiss edib, bu sahədə qaçılmaz və təxirəsalınmaz tədbirlər görsünlər, atmosferə atılan emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qeyd-şərtsiz qoşulsunlar.

- “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hansı layihələrin reallaşdırılması nəzərdə tutulur?

- Prezident İlham Əliyev 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Nazirlik olaraq biz də bu məqsədlə geniş tədbirlər planı hazırlamışıq, bununla bağlı bütün qurumlarımıza artıq müvafiq tapşırıqlar verilib. Ən çox diqqət yetirdiyimiz məsələlərdən biri yeni yaşıllıqların salınması, meşəbərpa işlərinə diqqətin artırılmasıdır. Bu il hədəfimiz ölkə üzrə 5 milyon ağacın əkilməsidir. Ötən il qarşıya 3 milyon ağacın əkilməsini hədəf kimi qoymuşduq və qeyd etməliyəm ki, bu hədəfimizi artıqlaması ilə icra etdik və 4 milyona yaxın ağac əkdik.

İşğaldan azad olunan ərazilərimiz də daxil olmaqla, bir neçə xüsusi mühafizə olunan ərazilərimizin statusunun dəyişdirilməsi və yeni formatda fəaliyyətinin təmin olunması ilə bağlı layihələr həyata keçirilir. Həmçinin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına yeni ərazilərimizin salınması ilə bağlı layihələr işləyirik.

- “Qırmızı kitab”ın son nəşrinə düşən və ya düşmə ehtimalı olan fauna və flora növləri necə qorunur?

Birinci nəşrdə kitaba düşən flora növlərinin sayı 140, fauna növlərinin sayı 108 idisə, bu rəqəm ikinci nəşrdə iki dəfədən çox artaraq flora üzrə 300 növ, fauna üzrə isə 223 növ təşkil edib. Üçüncü nəşrdə də təəssüf ki, kitabımızda səhifələrin və ora salınan nadir növlərin sayı artıb. Növlərin areallarında nadirləşmə gedir. "Qırmızı Kitab"ın 3-cü nəşri 2023-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində çap edilib. "Qırmızı Kitab"ın 3-cü nəşrində nadir, nəsli kəsilmək təhlükəsində olan 241 fauna (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki, 37 göbələk) öz əksini tapıb.

Qeyd edim ki, bundan əlavə "Qırmızı kitab"a ilk dəfədir ki, çəhrayı siyahılar da əlavə olunub. Bu siyahılara xüsusi mühafizəyə ehtiyacı olmayan, lakin son illərdə nadirləşmə, populyasiyaların azalması müşahidə edilən fauna və flora növləri salınır.

"Qırmızı kitab"lar ona görə yazılır ki, həmin növlərin mühafizəsi ilə bağlı tədbirlər görülsün. Məsələn, Şirvan Milli Parkı ceyranın mühafizəsi ilə bağlı yaradılıb. Bizim Qafqazda ən birinci xüsusi mühafizə olunan ərazi olan Eldar Şamı Dövlət Təbiət Qoruğunun yaradılmasının səbəbi orda olan Eldar şamı populyasiyasının, Göygöl Milli Parkının yaradılmasının səbəbi yüksək dağlıq zonanın təbii landşaftının və orada məskunlaşan nəcib maral, qonur ayı, vaşaq və s. kimi nadir heyvan növlərinin, həmçinin giləmeyvəli qaraçöhrə, kox şamı, qafqaz xarıbülbülü və s. kimi bir sıra nadir bitki növlərinin qorunması olub.

- Torpaqların şoranlaşması məsələsi də aktualdır. Bunun qarşısının alınması üçün hansı tədbirlər görülür?

- Fauna və flora növlərinin nadirləşməsi, meşə örtüyünün seyrəkləşməsi, səhralaşma, torpaqların şoranlaşması- bütün bunların mərkəzində iqlim dəyişmələri, qlobal istiləşmə durur. Həlli yolu isə damcılı suvarma, suya qənaət imkanı verən digər suvarma üsullarından istifadə edərək əkin sahələrinin suvarılması, şoranlaşmış torpaqların meliorativ yollarla yuyulması çox vacibdir. Bununla həmin torpaqlarda duzluluq aşağı düşəcək, torpağın münbitliyi artacaq. Sudan səmərəsiz istifadənin qarşısının alınması, torpaqların şoranlaşmasının qarşısının alınmasında ən vacib addımdır. Digər bir yol da şoranlaşmış torpaqlara duz stresinə davamlı bitki növlərinin əkilməsidir. Əlbəttə ki, bu üsul da təsirlidir, amma uzun zaman tələb edir. Əgər şoranlaşmanın qarşısını tez almaq istəyiriksə, ilk növbədə selləmə suvarmadan imtina etməliyik.

- Azad edilmiş ərazilərdə yeni milli parklar yasaqlıqlar, qoruqlar salınacaqmı? 2021-ci ildə azad olunan ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilə biləcəyi ilə bağlı açıqlama vermişdiniz. Bu məsələ nə yerdədir? Statusun dəyişdirilməsi dedikdə nəyi nəzərdə tuturdunuz?

İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə olan xüsusi mühafizə olunan ərazilərin fəaliyyətlərinin bərpasına başlanılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilib, Sərəncamın icrası ilə bağlı Qoruğun Əsasnaməsi hazırlanıb, sanitariya-mühafizə zonası müəyyənləşdirilib, aidiyyəti qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 424 nömrəli Qərarı ilə təsdiq edilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin bərpası ilə bağlı işlərə də başlanılıb. Hazırki mərhələdə Daşaltı Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Digər xüsusi mühafizə olunan ərazilərlə bağlı işlərin də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilməsi dedikdə qoruq və yasaqlıqların bazasında ekoturizm fəaliyyətinə imkan verən milli parkların və təbiət parklarının yaradılması nəzərdə tutulur. Məlumdur ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Minatəmizləmə Agentliyi tərəfindən azad olunmuş ərazilərin təmizlənməsi prosesi aparılır. Gələcəkdə bu ərazilər minalardan tam təmizləndikdən və bütün ərazilər turistlər üçün açıq olduqdan sonra orada olan xüsusi mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilməsi məsələsinə qanunvericiliyə uyğun baxılacaqdır.

Qeyd edim ki, işğal dövründə Laçın ərazisindəki Qaragöl Dövlət Təbiət Qoruğu, xüsusən də gölün özü çox ziyan görüb, orada mövcud olmuş ekosistem demək olarki tamamilə məhv edilib. Baxmayaraq ki, xüsusi mühafizə olunan ərazidir, amma gölə qanunsuz müdaxilələr edilib. Təəssüf ki, ikili standartlar hər yerdə olduğu kimi burada da özünü göstərir. Təmsilçisi olduğumz bütün beynəlxalq təşkilatlara edilmiş müraciətlərimizə baxmayaraq bir beynəlxalq təşkilat da olsun bununla bağlı səsini qaldırmadı. İşğala qədərki dövrdə Bəsitçay Dövlət Təbiət Qoruğunda 108 hektar ərazinin 83 hektarı Şərq çinarı meşəsi olub, onun 40 hektardan çoxu işğal dövründə tamamilə məhv edilib. Bütün təbiətimiz kimi, xüsusi mühafizə olunan ərazilərimiz də ziyan görüb. Arazboyu Dövlət Təbiət Yasaqlığında meşə örtüyünün çoxu tamamilə məhv edilib. Gedirsən, baxırsan Arazboyunun İran tərəfində meşələr necə qorunub, amma biz tərəfdə demək olar ki, tək-tük hansısa kol-kos görünür. Bunları niyə vurğulayıram? Çünki o yerlərdə bərpa prosesini sürətləndirmək üçün yüksək xüsusi mühafizə statusuna zərurət var və bu istiqamətdə üzv olduğumuz beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparırıq.

- Ermənistan tərəfindən transsərhəd çaylar, əsasən də Oxçuçay ağır metallarla, çirkab suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda vəziyyət necədir?

- Bizim iki qurumumuz və laboratoriyamız çay suyunun keyfiyyətinə gündəlik nəzarəti həyata keçirir. Oxçuçayın suyu çirkləndirilib, fekal suların tərkibində olan zərərli bakteriyalardan başqa artıq suyun tərkibində heç nə qalmayıb, rəngi də dəyişib. Oxçuçay hövzəsi həyatsız-abiogen bir əraziyə çevrilib. Oraya Ermənistanın Qafan və Qacaran şəhərlərində yerləşən mis-molibden emalı zavodlarından tərkibində ağır metallar olan tullantı suları və hər iki şəhərin məişət-çirkab suları axıdılır. Bu vəziyyət həm Ermənistanın özünün əhalisi, həm də bizim işğaldan azad olunan ərazilərə qayıdacaq insanlarımız və ümumilikdə təbiət üçün böyük təhlükədir. Həmin çirkli sular Araz vasitəsilə Kürə tökülür, oradan da Xəzərə. Bu həm də Xəzər dənizi hövzəsinin digər ölkələri- Rusiya, Qazaxıstan, Türkmənistan və İran üçün də ciddi təsirdir. Azərbaycan hələlik Ermənistanın ekoloji terrorunun qabağını ala bilmir. Bu məsələni qaldırmadığımız beynəlxalq təşkilat, gündəmə gətirmədiyimiz beynəlxalq platforma qalmayıb. Təbii ki, bu işləri davam etdirəcəyik. Ermənistanı başa salmağa çalışmalıyıq. Amma təkcə onlar yox, bu ekoloji terrorun təsirinə məruz qalan digər ölkələr də vəziyyətin nə qədər təhlükəli olduğunu anlamalıdırlar.

Foto: Firudin Səlimov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?