azadses.az » Cəmiyyət » “Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

“Atam baş nazirin ailəsinin süründüyünü görüb və qızı ilə evlənib” – N.Yusifbəylinin nəvəsi ilə TARİXİ MÜSAHİBƏ (FOTOLAR)

“Evimizdə heç kim babam Nəsib bəy Yusifbəylidən bəhs etməzdi”
“Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb”
“Bundan sonra atam baş nazirin qızı ilə evlənməyə qərar verib”
“Bəlkə babamı da ermənilər öldürüb”
“Bütün həyatları boyu Vətən həsrəti ilə yaşamalı oldular”
“Atam deyərdi ki, ermənilər azərbaycanlılara qarşı hər zaman düşmən münasibəti bəsləyib”
“Ağ ruslar” da bizim evimizdən əksik olmazdı”
“Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar”
Oğuz Yusuf Göygöl – Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsidir. Atası Mirzə Göygöl Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri olub. Əmisi Çingiz Göygöl Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi, Azərbaycan Milliyyətçilər Dərnəyinin başqanı idi. Anası Zöhrə Yusifbəyli-Göygöl Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qızıdır. Nənəsi Şəfiqə Qaspıralı-Yusifbəyli məşhur Krım tatar ictimai xadimi, “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl Qaspıralının qızıdır.
Tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin nəvəsi Oğuz Yusuf Göygöl Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq  HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Oğuz Yusuf Göygöl ailəsi ilə bağlı illərlə gizli qalmış bir çox məqamlara aydınlıq gətirib. O, həmçinin ailəsinin fotoşəkillərdən ibarət şəxsi arxivini  təqdim edib. -Əvvəlcə özünüz haqqında danışaq. Uşaqlığınızı necə xatırlayırsınız? Göygöl ailəsində böyümək necə idi? İndi harada yaşayırsınız?
-Mən uşaq olan zaman həmişə İstanbulda, Yeşilköydə böyük bağçası olan evlərdə, hətta “köşk”lərdə kirayə qalardıq. Qohumlarımız bizə gələrdilər, bütün yay tətillərini bizimlə keçirərdilər. Evlərimiz hər zaman dəniz sahilində olardı. Anamın dayısı Heydər də Türkiyədə təhsil aldı. Daha sonralar isə Kayseridə məskunlaşdı. Həyat yoldaşının möhtəşəm bir sarayı da vardı. Çox zəngin idilər. Heydər dayı ailəsi və xidmətçiləri ilə bizə gələr, bütün yayı birlikdə keçirərdik. Onlar üçün üç növ süfrə qurulardı. Hətta xüsusi aşbazımız da vardı.Xəlil dayi (Has?) bir gün atamı kənara çəkib məsləhət verdi ki, bu evdən heç vaxt qonaq əksik olmur, belə davam edə bilməz. Cavad qardaş da oxuyub həkim oldu. Atamın “yeğeni” idi, oxumaq üçün İrandan İstanbula gəlmişdi. O da bizimlə birlikdə yaşadı. Atamın Berlindən də tələbə yoldaşları gələrdilər. Atamın süfrəsi axasında həmişə xeyli insan əyləşərdi. Maaşı çox yüksək olsa da, heç vaxt pulu bir yerə toplayıb zəngin ola bilmədi. Bütün dostlar, qohumlar varlandılar, bizdə də yeyib-içdilər. Bundan sonra Cavad bəy Azərbaycan əsilli iranlı, çox zəngin bir xanımla ailə qurdu. Mənim uşaqlıq illərim gözəl keçdi. Dəniz sahilində yaşamaqdan həzz alırdım. Yesilköy çox kosmopolit bir bölgə idi və xeyli sayda qeyri-müsəlman ailələr yaşayırdı. Onların uşaqları yay tətilində ataları ilə işləməyə məcbur idilər, biz isə (qardaşım və mən) səhər duran kimi dənizə gedirdik. 1952-ci ildə Almaniyanın Darmştadt şəhərinə təhsil almağa gəldim. 1963-cü ildən bəri Hamburqda yaşayıram. -Ailənizin Azərbaycandan olduğunu nə vaxt öyrəndiniz? Atanız Mirzə Göygöl Azərbaycan haqqında sizə nələr danışardı?
-Atam öz millətini çox sevən bir insan idi. Bizə xüsusilə Gəncənin nə qədər gözəl olduğunu söylərdi. Azərbaycanı cənnətin bir hissəsi kimi təsvir edərdi. Azərbaycanın müstəqillik ildönümlərində bütün qohum-əqrabaları, dostlarını başına toplayıb həmin günü qeyd edərdilər. Bunun üçün gözəl yerlər icarəyə götürüb, əyləncələr təşkil edərdilər. 28 may 1918-ci il Azərbaycanda Cümhuriyyətin yaranması günüdür
-Bizə mərhum atanız Mirzə Göygöl, ananız Zöhrə Göygöl-Yusifbəylidən bəhs edin. Göygöl ailəsinin həyatını sizdən öyrəmək istərik. Valideynləriniz necə tanış olublar, evləniblər? Türkiyəyə köçməli olduqdan sonra hansı çətinlikləri yaşadılar? Axı ananız Zöhrə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin yeganə qızı idi…
-Atam millətçi bir insan olduğu üçün anamla nənəmin (Nəsib bəy Yusifbəylinin qızı və həyat yoldaşı: Zöhrə Yusifbəyli və Şəfiqə xanım Qaspıralı) İstanbulda tək yaşadıqlarını biləndə onları axtarır tapıb. Nənəm iki uşağı ilə birlikdə Sevastapoldan İstanbula qaçmağı bacarıb. Heç kim onlara arxa durmayıb, dəstək olmayıb. Həddən çox yoxsul olublar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) Qalatasaray Liseyində təqaüd ilə təhsil alıb. Anam isə Erenköydəki qız liseyindən məzun olub.
Atam onların yoxsulluqdan sürünür vəziyyətdə olduqlarını görüb. Daha sonra kim olduqlarını araşdırıb tapıb. Azərbaycan baş nazirinin həyat yoldaşı və uşaqlarının belə ağır vəziyyətdə yaşamaları atamı çox məyus edib, kədərləndirib. O, anamla evlənməyə qərar verib. Nənəmi də (Şəfiqə xanım Qaspıralı) öz yanlarına gətiriblər, birlikdə yaşayıblar. Niyazi dayım (Nəsib bəy Yusifbəylinin oğlu) isə ərzurumlu zəngin bir ailənin qızı ilə evləndi. İş qurmaları üçün qayınatası onlara sərmayə verdi. Fəqət dayımı aldatdılar və təəssüf ki, pullar batdı. Dayım heç nəsiz ortalıqda qaldı. Daha sonra bir liseydə müəllim kimi çalışmağa başladı. Atam anamla evləndikdən sonra nənəmlə yanaşı, dayım da onlarla birlikdə yaşamağa başladı. Onlara da atamgil baxırdı.
Atam məni Almaniyaya göndərəndə dedi ki, heç vaxt alman qadınla evlənmə. Dostlarının hamısı alman qadınla evlənib, boşanmışdılar. Mən də atama qulaq asmadım. Atam haqlı idi. Alman qadınla nikahımız davam etmədi və ayrıldıq.-Göygöl Azərbaycanda Gəncə şəhəri yaxınlığında məşhur bir göldür. Necə oldu ki, siz “Göygöl” soyadını qəbul etdiniz? Atanız bu barədə sizə nə danışıb?
-Atamgilin keçmiş soyadı “Hacızadə” olub. Türkiyədə soyadla bağlı qanun tətbiq edilən zaman məmurlar atama deyiblər ki, “elə hacı-macı olmaz. Özünüz üçün başqa bir soyad tapın”. Cavad bəy tez “Gəncəli” soyadına sahiblənib. Atam da “Göygöl” sözünü soyad kimi qəbul edib. Hətta illər sonra atam öz evini qurarkən binanın adını “Gəncə” qoydu.– Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan babanız Nəsib bəy Yusifbəyli və həyat yoldaşı Şəfiqa xanım haqqında nələr bilirsiniz? Ananız ailəsi haqqında sizə nələr danışardı?
-Anam ailəsi haqqında danışanda yalnız İsmayıl Qaspıralıdan bəhs edərdi. Atası haqqında danışmazdı. Babam və nənəm haqqında çox şey bilmirəm. Nənəm kədərlənməsin deyə babam haqqında evdə heç kim danışmazdı.
-Nənəniz Şəfiqə xanım Qaspıralını (Nəsib bəy Yusifbəylinin xanımı) necə xatırlayırsınız? Şəfiqə xanım Nəsib bəydən ayrıldıqdan sonra necə yaşadı?
-Qohumlarımızdan başqa bir çox rus dostumuz vardı. Onlar İstanbuldan qatara minib, Yesilköyə bizə qonaq gələrdilər. Yemək yeyib, çay süfrəsi açardılar. Corc adlı bir nəfəri də xatırlayıram. Rus kolbasalarını gətirib bizimkilərə satardı. Nənəm evimizə gələn qonaqları qarşılardı, yola salardı, uşaqlarla vaxt keçirərdi.-Şəfiqə xanım həyat yoldaşı Nəsib bəy Yusifbəylidən necə bəhs edərdi?  Nəsib bəylə Şəfiqə xanım ayrılmışdılar? 
-Evimizdə bu mövzuda heç kim danışmazdı. Çünki nənəm çox kədərlənirdi. Nənəmi incitməmək üçün heç kəs bu barədə söhbət açmazdı.
-Nəsib bəy Yusifbəylinin öldürülməsi, məzarının yeri ilə bağlı nə bilirsiniz? Ailədə bu barədə nə danışardılar? Ananız Zöhrə xanım atasından necə bəhs edərdi? Nəsib bəyin də qatili ermənilərdi?
-Gəncənin yaxınlığında azərbaycanlı və ermənilərdən ibarət yanaşı kəndlər olub. Bəzi erməni kəndliləri azərbaycanlıları təhdid edib oradan keçmələrinə mane olurlarmış. Atam da çox ehtiyatlı hərəkət edərmiş. Bəzən erməni kəndliləri qışqırırlarmış ki, “kəndə ayaq basma, səni öldürəcəyik”. Bəlkə babamı da onlar öldürüb. Amma bununla bağlı məndə dəqiq məlumat yoxdur.
Anam heç vaxt öz atasından bəhs etməzdi. Rus qonaqlar daim ətrafımızda idi. Gələn qonaqlar bir-biri haqqında qeybət edərdilər. Anam və nənəm isə sadəcə olaraq onlara müvəqqəti xoş münasibət göstərərdilər. Yəqin ki, anam babamla bağlı onlara məlumat ötürmək istəməyib. -Azərbaycan Cümhuriyyətinin Ədliyyə naziri, görkəmli şəxsiyyət eyni zamanda qohumunuz olan Halil Has Mehmet Gürgören (Xəlil bəy Xasməmmədov) haqqında nə bilirsiniz?
-İnsanlar daim bizə gəlib, gecə yarısına qədər söhbət edərdilər. Onların arasında “Xan” adlı biri də vardı. Çox güman ki, o da önəmli bir insan idi. Atam onlara deyirdi ki, Azərbaycan cənnət kimi bir ölkədir, həyət-bağlarının gözəlliyindən söz açardı. Atam ermənilərin azərbaycanılara qarşı hər zaman düşmən münasibəti bəslədiklərini də qonaqlara danışardı. “Ağ ruslar” da bizim evimizdən əksik olmazdı. Halil Has Mehmet Gürgörenin ailəsindən heç kimi tanımıram. Valideynlərim sağ olsaydılar onlar barəsində bilərdilər.
-Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndəsi olan əminiz Çingiz Göygöl necə bir həyat yaşadı? Əminizin övladları ilə əlaqə saxlayırsınız?
-Əmim Çingiz inşaat mühəndisi idi, öz şirkəti vardı. Evlərin damını tikirdilər. Qazancı bol idi. Biz uşaqlara həmişə xərcləmək üçün pul verərdi. Təəssüf ki, əmim qızı Türkizlə əlaqəmiz kəsildi. Əmim çox vaxt kefsiz olurdu. Çünki onun heç oğlan övladı olmamışdı. Daha sonralar isə çoxlu oğul nəvələri oldu.
-Azərbaycanla bağlı hansı xatirələriniz var? Azərbaycan sizin üçün nə deməkdir? Gəncəyə gəlmək istəyərsiz?
-Atamın iki böyük bacısı (sürgündən gəliblər) illər sonra Hamburqa bizi ziyarət etməyə gəlmişdilər. Daha sonra Viesbadendə yaşayan bacım Şuləyə də baş çəkdilər. Birlikdə çox gözəl vaxt keçirdik. Təəssüf ki, mən heç vaxt Azərbaycana getməmişəm.
Anam və atam quru yol ilə Azərbaycana gedəndə Naxçıvandakı erməni gömrük məmurları onlara qarşı ədəbsizlik edərlərmiş, çox kobud və qəddar münasibət göstərirlərmiş.
İndi isə Azərbaycana getmək çox asandır. Amma mən qocalmışam. İnşallah qızım və nəvələrim bir gün Azərbaycana gedərlər.
Atam həmişə vətən həsrəti ilə yaşadı. Anam da, atam da öz vətənlərindən uzaq düşdülər. Bütün həyatları boyu bunun kədəri ilə yaşamalı oldular. Mən də vətənim olan İstanbul, Türkiyəmi itirdim. Uşaqlığımın, gəncliyimin keçdiyi ölkə, şəhər artıq yoxdur və ya çox uzaqda qalıb.
-28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümüdür (1918-ci il). Ailəniz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindəndir. Azərbaycanda sizi sevən insanlara nə demək istərsiniz?
-İnsanlar bir-birlərinə hörmət etməli, yaxşı yola getməlidirlər.
-Cənnət Vətəninizi qoruyun, sahib çıxın.
-Bir millət, iki Cümhuriyyət.
-Sevgi, hörmət və salamımı göndərirəm.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?