azadses.az » Manset » Əsir götürülmüş Azərbaycan hərbçiləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Əsir götürülmüş Azərbaycan hərbçiləri ilə bağlı RƏSMİ AÇIQLAMA

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva  müsahibə verib:

- Ombudsman seçilməyinizin 1 il tamam olur. Bir il ərzində gördüyünüz işləri qənaətbəxş sayırsınızmı?

- Hər şeydən əvvəl onu qeyd etməyi və xatırlatmağı vacib hesab edirəm ki, Ombudsman təsisatının yaradılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin insan hüquqlarına münasibətinin nümunəsi kimi ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı yaradılıb. Hazırda qüvvədə olan və Ombudsmanın fəaliyyətini tənzimləyən Konstitusiya Qanunu da məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul olunub.

Bu baxımdan mən özümü ikiqat şanslı hesab edirəm ki, Ulu Öndərin davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən namizədliyim irəli sürülüb. Bu, çox böyük etimaddır. Ombudsman vəzifəsi məsuliyyətli və şərəfli missiyadır.

Çox xoşbəxtəm ki, tarixi bir dövrdə, Azərbaycan üçün çox mühüm olan Qələbə günlərini yaşadığımız zamanda ölkə Ombudsmanı olaraq fəaliyyət göstərmək şərəfi mənə qismət oldu.

Sualınıza cavab olaraq onu deyim ki, gördüyümüz işləri cəmiyyət qiymətləndirsə, daha doğru olardı.

Ümumiyyətlə, 2020-ci il önəmli hadisələrlə çox zəngin bir il olub. Vətən müharibəsi və Qələbə, pandemiya, ölkədə baş tutan islahatlar bu ili Azərbaycan tarixinə xüsusi dövr kimi qeyd edəcək desək, yəqin ki, yanılmarıq. Bu baxımdan Ombudsman təsisatı da baş verən hadisələrə adekvat cavab verməyə çalışıb, üzərinə düşən vəzifələri yerinə yetirmiş, öz fəaliyyətində yeniliklər və islahatlar aparıb.

Mən Müvəkkil seçildikdən sonra ilk açıqlamamda fəaliyyətimdə həssas əhali qrupları ilə işə diqqətin artırılacağını söyləmişdim. Bu baxımdan fəaliyyətimizdə həyata keçirilən islahatlar çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan ayrıca struktur bölmə yaratdıq. Sosial dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran bu kateqoriyadan olan şəxslərin hüquqlarının təmini vacib məsələdir. Bununla, biz həm də beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin icrasını təmin etdik və müsbət ölkə təcrübəsinə töhfə vermiş olduq.

Bununla yanaşı, bilirsiniz ki, Ombudsmanın fəaliyyətində daha çox müzakirə olunan, yerli və beynəlxalq təşkilatlar tərəfindən qaldırılan məsələlərdən biri informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində fəaliyyətin təşkili ilə bağlı idi.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Bu sahəni də inkişaf etdirdik və ayrıca formalaşdırdığımız şöbə artıq fəaliyyət göstərir. İnformasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı şikayətlər Ombudsmanın səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırılır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərilir, tədbirlər görülür.

Daha bir yenilik isə, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı yaratdığımız Çağrı Mərkəzidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndində vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədilə Müvəkkilə müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə olunub.

Bu tövsiyə üzrə dərhal işlərə başladıq və bir mərkəzdə müraciətləri qəbul edən, müasir informasiya texnologiyalarından istifadə etməklə Ombudsmana müraciətləri daha da əlçatan edən 916 nömrəli Çağrı Mərkəzini yaratdıq. Çağrı Mərkəzi yaradılarkən bu sahədə mövcud beynəlxalq və yerli müsbət təcrübəni öyrəndik və əməkdaşların da hazırlıq səviyyəsini yüksəltdik. Çağrı Mərkəzi COVID-19 pandemiyası dövründə insanların müraciətlərinin qəbul edilməsi, onların həll olunması və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından Ombudsmanın fəaliyyətində mühüm bir mexanizm oldu.

Yeri gəlmişkən, qeyd edim ki, pandemiya dövrünün reallıqları şəraitində Ombudsman fəaliyyətini dinamik təşkil edib, Nazirlər Kabineti və Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə uyğun olaraq Bakıda və regionlarda effektiv iş təşkil olunub. Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində başçəkmələr davam etdirilib. Xüsusilə qeyd edək ki, bu başçəkmələr zamanı yerlərdə ənənəvi araşdırmalarla yanaşı, pandemiya ilə mübarizə məqsədilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə görülən işlər, müvafiq qayda və tövsiyələrə riayət olunması da araşdırma predmeti olub.

Vətəndaşların qəbulu dayandırılsa da, Çağrı Mərkəzi, elektron müraciət, habelə faks, poçt imkanları ilə müraciətlər mütəmadi qəbul olunub və icrası üzrə tədbirlər görülüb.

Vətən müharibəsi dövründə də aktiv fəaliyyət göstərdik. Ermənistanın mülki şəxsləri hədəfə alması, qadağan edilmiş silahlardan istifadəsi faktları ilə bağlı dərhal bəyanat və müraciətlərlə dünya ictimaiyyətini məlumatlandırdıq. Ermənistan silahlı qüvvələri tərəfindən mülki yaşayış məntəqələrinə və dinc əhaliyə qarşı ağır artilleriya və raket hücumlarına məruz qalmış şəhər, rayon və kəndlərə ilk gündən səfər edib faktaraşdırıcı missiyalar həyata keçirməklə hesabatlar hazırladıq, beynəlxalq təşkilatlara, dünya dövlətlərinə və xarici ölkələrin milli insan hüquqları təsisatlarına ünvanlamaqla ədalətli mövqe nümayiş etdirmələrinə çağırış etdik.

Bu səfər və araşdırmaların nəticəsi olaraq dərc olunmuş hesabatlarda Ermənistanın beynəlxalq humanitar hüququ pozması sübutlarla beynəlxalq ictimaiyyətə çatdırılıb. Beynəlxalq təşkilatların nümayəndələri, ölkəmizdə olan diplomatik korpusla görüşlər keçirilib. Dəvətim əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri, yerlərdə araşdırma aparması mühüm hadisə olub. Bu araşdırmanın nəticələri əsasında artıq hesabat çap edilərək yayımlanıb.

Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı hərbi qulluqçuların məsələsi ilə bağlı sistemli işlər görülür. Beynəlxalq səviyyədə milli insan hüquqları təsisatları ilə daimi əsasda əlaqələr yaradılıb.

Bunlarla yanaşı, 2020-ci ilin “Könüllülər ili” elan olunması nəzərə alınaraq, Aparatda bir qrup könüllü işə cəlb edilib.

Beynəlxalq təşkilatlarla birgə layihə əsasında uşaq hüquqları sahəsinə yeni yanaşmalar gətirdik və hazırda layihə çərçivəsində psixoloq, sosial işçi ixtisaslı kadrlar cəlb olunmaqla fəaliyyət davam etdirilir.

Ümumiyyətlə, fəaliyyətimiz kifayət qədər geniş və çoxşaxəlidir. Yeri gəlmişkən, bu il ərzində həm də Facebook və Twitter sosial şəbəkələrində səhifələrimiz açılıb. Fəaliyyətimizlə tanış olmaq istəyən hər kəsi internet səhifəmizə, sosial şəbəkə hesablarımıza nəzər salmağa dəvət edirəm. Çoxsaylı məruzə, hesabat, məqalə, xəbər və təhlil xarakterli məlumatlar mütəmadi yenilənir. Hesab edirəm ki, informasiya texnologiyaları dövrünün öz tələbləri var və biz onları nəzərə almalıyıq. Bir sözlə, ictimai hesabatlılıq və aşkarlıq fəaliyyətimizin əsas prinsipləridir.

- Bəzi beynəlxalq təşkilatların Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlardan biri də “siyasi məhbus” məsələsidir. Bu ittihamlar nə dərəcə əsaslıdır? Ümumiyyətlə, ölkədə siyasi mühiti necə qiymətləndirirsiniz?

- Bilirsiniz, “siyasi məhbus” ifadəsi özlüyündə sual doğuran və qeyri-müəyyən anlayışdır. Qeyd etdiyiniz kimi, bəzi beynəlxalq təşkilatlar bir sıra şəxsləri bu süni ad altında müxtəlif siyahılara salır və bunu ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Hər bir Azərbaycan vətəndaşının hüquqları qorunmalıdır. Təqsirsizlik prezumpsiyası başda olmaqla, bütün təminatlar hər bir saxlanılan, tutulan, təqsirləndirilən və məhkum olunan şəxsə şamil olunur. Ombudsman təsisatı da səlahiyyətləri çərçivəsində üzərinə düşən işləri görür, saxlanma şəraiti və rəftar məsələlərini diqqətdə saxlayır və monitorinq edir.

Ombudsman olaraq mən özüm, Milli Preventiv Qrupun üzvləri saxlanılan şəxslərlə mütəmadi görüşürük. Biz hər hansı bir fərq qoymadan saxlanılan şəxslərin vəkillərinin, ailə üzvləri və yaxınlarının istənilən müraciətinə dərhal reaksiya veririk. Bunu mediada yazılardan da görə bilərsiniz. Elə bir müraciət ola bilməz ki, ona reaksiya verilməsin və ya cavabsız qalsın. Bu, mümkün deyil.

Azərbaycanda siyasi mühit plüralizm, çoxpartiyalılıq, rəqabət ilə xarakterizə olunur. Mənim və əməkdaşlarımızın müşahidəçi qismində iştirak etdiyimiz son seçkilərdə də müxtəlif partiyaların nümayəndələrinin seçilməsinin, bu proseslərdə sərbəst iştirak etdiklərinin şahidi olduq. Hesab edirəm ki, bu faktlar özlüyündə sizin suala cavab sayıla bilər.

- Azərbaycanda son günlər koronavirusa rekord həddə yoluxmalar qeydə alınır. Bundan öncə Prezident İlham Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkumun azadlığa çıxmasını təmin edən əfv sərəncamı imzalamışdı. Pandemiyanın yaratdığı vəziyyətlə əlaqədar cəzasının müəyyən hissəsini çəkmiş şəxslərin azad edilməsi üçün Ombudsman olaraq təşəbbüslə çıxış etməyi düşünürsünüzmü?

 - Bəli, bu ölkə rəhbərliyi tərəfindən atılan humanist xarakterli addımlardandır və biz bu addımı çox yüksək qiymətləndiririk.

COVID-19 pandemiyası ilə bağlı məhkumlara münasibətdə müraciətim də nəzərə alınmaqla əfv olunan şəxslərlə yanaşı, məhkəmə qərarı ilə vaxtından əvvəl azad olunan şəxslər də olub. Yeri gəlmişkən, bu təcrübə xarici ölkələr tərəfindən müsbət qiymətləndirilib və Azərbaycan nümunə kimi göstərilib.

İnsan Hüquqları üzrə Müvəkkil olaraq bu məsələni daim diqqətdə saxlayırıq. Həkim əməkdaşımız daxil olmaqla Milli Preventiv Qrupun üzvləri müntəzəm olaraq Penitensiar Xidmətin müəssisələrində başçəkmələr həyata keçirirlər.

Əvvəldə də qeyd etdiyim kimi, mən özüm də Qobustanda yerləşən həbsxana daxil olmaqla, cəzaçəkmə müəssisələri, istintaq təcridxanalarına mütəmadi olaraq başçəkmə həyata keçirir və pandemiya ilə bağlı vəziyyəti monitorinq edirəm. Əlbəttə ki, bu istiqamətdə fəaliyyətimiz davamlı xarakter daşıyır.

- 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin dinc əhalini, cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərimizi qadağan olunmuş ağır silahlarla atəşə tutması ilə yadda qaldı. Nəticədə 100-dək azərbaycanlı həlak oldu, yüzlərlə insan yaralandı, evlər, müxtəlif təyinatlı mülki obyektlər dağıldı. Ombudsman bu faktların araşdırılması və Ermənistanın müvafiq qaydada cəzalandırılması üçün hansı addımları atır? Qarabağ müharibəsində Ermənistan tərəfinin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərlə bağlı hansı beynəlxalq qurumlara, müraciət olunub? Onlarla əməkdaşlıq hansı səviyyədə qurulub?

- Artıq qeyd etdiyim kimi, bizim bu sahədə fəaliyyətimiz ilk günlərdən davam edir.

Birincisi, faktaraşdırıcı missiyaların həyata keçirilməsi üçün yerlərə səfərlərin həyata keçirilməsi. Gəncə, Naftalan, Tərtər, Bərdə şəhər və rayonlarında olmuşam və yerində çoxsaylı araşdırmalar həyata keçirmişəm. Video və foto sübutlar, şahidlərlə müsahibə, dağıntı məkanları ilə əyani tanışlıq, yaralılarla, həlak olanların yaxınları ilə ünsiyyət əsasında toplanan faktlar buraya daxildir. Faktaraşdırıcı missiyanın yekunları ilə bağlı tərəfimizdən müvafiq hesabatlar hazırlanıb, xarici dillərə tərcümə edilib və BMT qurumları, Avropa Şurası, eləcə də digər beynəlxalq və regional təşkilatlara, hesabatlar hazırlayan beynəlxalq qeyri-hökumət təşkilatlarına göndərilib.

Eyni zamanda, xarici telekanallar vasitəsilə birbaşa, habelə videoçarx vasitəsilə ingilis dilində dünya ictimaiyyətinə hadisə yerlərindən Ombudsman olaraq müraciətlər və çağırışlar etdim. Bu fəaliyyət bizə imkan verdi ki, əyani şəkildə Ermənistanın hərbi təcavüzü və törətdiyi insan tələfatı ilə nəticələnən müharibə cinayətlərini dünya birliyinə çatdıraq.

Eləcə də, müxtəlif müraciət və məktubların hazırlanaraq beynəlxalq təşkilatlara göndərilməsini qeyd etmək istəyirəm. Bunlar əhalinin həssas qrupları, uşaqların hüquqları ilə bağlı, ekoloji terror, hərbi əsirlər, muzdlulardan istifadə və qanunsuz məskunlaşdırma kimi ayrı-ayrı mövzularda olmuşdur və Ermənistanın hərbi təcavüzünü bir daha sübut edir.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən Ermənistan tərəfindən uşaqların hərbi əməliyyatlara cəlb olunması, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah-sursat anbarları kimi istifadə edilməsi kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş Katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciətlər ünvanlanıb.

Beynəlxalq təşkilatları Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, Azərbaycan Respublikasının mülki əhalisi, xüsusən də uşaqlar arasında tələfatlara səbəb olan və humanitar hüquq normaları ilə müharibə cinayəti sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımlar atmağa çağırmışıq. Eyni zamanda  qeyd olunan qurumları Ermənistan tərəfindən mülki əhaliyə, xüsusilə uşaqlara qarşı son törədilən müharibə cinayətlərinin və insan hüquq pozuntularının şahidi olmaları, faktiki sübutlar toplanaraq beynəlxalq hüquqi qiymət verilməsi üçün birgə müstəqil faktaraşdırıcı missiyanın həyata keçirilməsinə dəvət etmişəm.

Xarici ölkə ombudsmanlarının da diqqətini baş verən cinayətlərə yönəldə bilmişik. Bu istiqamətdə də birgə faktaraşdırıcı missiyaya Türkiyə Respublikasının Baş Ombudsmanı ilə başladıq və hesabatı da artıq dərc olunub, xarici KİV-də də müzakirə olunur. Digər təsisatlarla da planlı şəkildə bu fəaliyyət davam etdirilir. Hərbi əməliyyatlardan sonra dinc əhaliyə psixoloji yardım istiqamətində də yerlərdə fəaliyyətimiz davam edir.

- Azərbaycandakı erməni hərbi əsirlərlə bağlı Ombudsman hansı addımlar atıb? Erməni əsirlərin hüquqlarının təmin edilməsi hansı formada həyata keçirilir, bununla bağlı hansısa beynəlxalq təşkilatlarla koordinasiyalı iş həyata keçirilirmi? Ombudsman olaraq erməni hərbi əsirlərlə görüşünüz olubmu?

- Bəli, Ermənistanın əsir hərbi qulluqçuları ilə görüşmüşəm. Ümumiyyətlə, vurğulamaq istərdim ki, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi hərbi əməliyyatların gedişi zamanı beynəlxalq humanitar hüquq normalarına riayət edib. Bu baxımdan Cenevrə Konvensiyaları ilə tənzimlənən hərbi əsirlərin statusu, onlarla davranış qaydaları diqqətimizdə olub.

Başçəkmə zamanı hərbi əsirlər Ombudsman tərəfindən fərdi qaydada qəbul olunub, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub. Ailələri ilə telefon danışıqlarının təmin edildiyini bildirən hərbi əsirlər göstərilən rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, əvvəlcədən belə humanist münasibəti gözləmədiklərini bildirdilər. Başçəkmə zamanı döyüşdə yaralanmış hərbi əsirlər Milli Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunub. Hər hansı fərq qoyulmadan hərbi əsirlərə münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına tam riayət edildiyi müşahidə olunub.

- 44 günlük müharibədə ermənilər tərəfindən əsir götürülən şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün hansı addımları atmısınız?

- BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara müraciət ünvanlanıb. Davamlı olaraq yazışmalar aparılır və görüşlər keçirilir.

Fərdi şəkildə həmin qurumlara ünvanlanmış müraciətlərdə bildirmişəm ki, Ermənistan silahlı qüvvələri yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirib.

Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törədilmiş barbarlıq aktları faktlar əlavə olunmaqla diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub.

- Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovun ermənilər tərəfindən əsir götürüldüyünü təsdiqləyən videolar və digər faktlar var. Onların aqibəti barədə hansısa məlumat əldə edə bilmisinizmi? Aminlə Bayramın azad edilməsi üçün hansı addımlar atılır?

- Bu günlərdə tərəfimdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə video-konfrans vasitəsilə görüş keçirilib. Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktları, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar xanım Bauerin diqqətinə çatdırılıb.

Qeyd edim ki, görüşdə əsir düşmüş iki hərbi qulluqçumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciətlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerə çatdırıblar. Xanım Bauer görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımları atacağını bildirib. 

Ümumiyyətlə, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş bütün Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb.

- Ombudsman və onun Aparatı Azərbaycandakı erməni hərbi əsirlərin, eləcə də Ermənistandakı azərbaycanlı əsirlərin geri qaytarılması prosesində iştirak edirmi? Prosesin gedişi barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya bu prosesi həyat keçirən qurumdur. Vasitəçi qismində isə Beynəlxalq Qırmızı Xaç Komitəsi çıxış edir. Ombudsman təsisatı olaraq fəaliyyətimiz əsir düşmüş hərbi qulluqçularımızın ölkəyə geri qaytarılmasında Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla həyata keçirdiyi fəaliyyətinin dayandırılmasını beynəlxalq təşkilatlardan tələb etmək, bu prosesin sürətlənməsinə dəstək verməkdən ibarətdir.

- Şahbaz Quliyev və Dilqəm Əsgərovun da qaytarılması məsələsi gündəmdə varmı? Bunun mümkün olması üçün Ombudsman olaraq hansı addımları atırsınız?

- 2014-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar yayımlanıb.

Tərəfimizdən aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlanıb. Bu məsələ tərəfimdən demək olar ki, aidiyyəti bütün görüşlərimdə qaldırılıb.

Bu gün Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad olunmayıb, onların Ermənistan tərəfindən kobud şəkildə pozulmuş hüquq və azadlıqları bərpa olunmayıb. Bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansı beynəlxalq təsir göstərilmədiyini də təəssüflə qeyd etməliyəm.

İnanıram ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Kəlbəcər rayonu azad olunduğu kimi, “Kəlbəcər girovları” da tezliklə ailələrinə qovuşacaq.

- Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Xankəndi, Xocavənd, Ağdərə, Xocalıda erməni vətəndaşlarımız yaşamağa davam edəcək. Ombudsman Aparatının onlarla, onların hüquqlarının qorunması ilə bağlı hansı planları var?

- Azərbaycan Respublikasının Konstitusiyası ölkənin bütün vətəndaşları üçün bərabərlik prinsipini təsbit etmişdir. Əsas Qanunumuzun 25-ci maddəsi birbaşa şəkildə bəyan edir ki, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Azərbaycan Respublikası qoşulduğu beynəlxalq müqavilələr, konvensiyalar üzrə bütün etnik qruplara bərabər şəkildə münasibət göstərmək öhdəliyini tam şəkildə yerinə yetirir.

Ombudsmanın Qarabağ Regional Mərkəzini təsis edəcəyik və Qarabağ ərazisində yaşayan bütün vətəndaşlar Ombudsmana birbaşa, həm də Regional Mərkəz vasitəsilə müraciət etmək hüququna malik olacaqlar.

- Ermənistanın işğaldan azad olunmuş ərazilərdə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması prosesi ilə bağlı nə etməyi düşünürsünüz?

- Artıq bizim bu sahədə fəaliyyətimiz var. Əvvəldə də bu barədə geniş danışdım.

Faktaraşdırıcı missiyalar zamanı yerində topladığımız faktoloji materiallar əsasında 6 hesabat, eləcə də aralıq hesabatlar hazırladıq və tərəfimdən beynəlxalq ictimaiyyətə təqdim olundu.

İstər beynəlxalq normaların, istərsə də milli qanunvericiliyin tələbləri baxımından aparılan istintaq proseslərində toplanmış bu faktlar əhəmiyyətli rol oynayacaq.

Eyni zamanda dünya birliyi də bilir ki, hərbi əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq hüquq tərəfindən tanınmış dövlət sərhədləri daxilində aparılıb. Bu baxımdan Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə - təcavüzkar müharibəni planlaşdırma, hazırlama, aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, müdafiə olunan nişanlardan sui-istifadə kimi cinayət tərkibləri yaradır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən son dövrdə bu maddələrin bir çoxu üzrə artıq cinayət işləri başlanmışdır. İnanırıq ki, cinayət törətmiş şəxslər tam şəkildə hüquqi məsuliyyətə cəlb ediləcək.

Yekunda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Rəşadətli ordumuzun qələbəsiylə başa çatmış böyük qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm.

Şəhidlərimizin ruhuna dərin ehtiramımızı bildirir, yaralı hərbi qulluqçularımızın tezliklə öz sağlamlıqlarına qovuşmasını diləyir, bütün əsgərlərimizə möhkəm can sağlığı arzulayıram.APA
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?