Avstriyada hökumət inflyasiyaya görə vətəndaşlara pul paylayacaq

Bu barədə Avstriya kansleri Karl Nehammer məlumat verib.
“Biz insanlarımıza inflyasiya nəticəsində itirdikləri pullarını geri qaytarmaq barədə qərar verdik”, - deyə K.Nehammer Vyanada mətbuat konfransında bildirib.
Kansler əlavə edib ki, yardım paketi inflyasiyanın artması nəticəsində bahalaşmadan əziyyət çəkən əhalinin yükünü yüngülləşdirməlidir.
Beləliklə, Avstriyada pensiyaçılar 500-1 000 (885-1,771 manat) avro, uşaqlı ailələr hər uşağa görə 900 avro (1 594 manat), yoxsullar isə 800 avro (1 417 manat) yardım paketi alacaq.
İşləyən şəxslərə isə ödədikləri vergi məbləğinə əsasən maddi yardım ayrılacaq.