azadses.az » Cəmiyyət » Samir Süleymanov: “Vətənimizə dəstək olmaq bizim üçün mənəvi borcdur”

Samir Süleymanov: “Vətənimizə dəstək olmaq bizim üçün mənəvi borcdur”

Azərbaycanda, eləcə də ölkədən kənarda olan soydaşlarımız mütəmadi olaraq yardıma ehtiyacı olan insanlara maddi-mənəvi dəstək olmağa çalışır. Sevindirici haldır ki, xeyriyyəçilik fəaliyyəti, ənənələri, xüsusilə gənc nəsil arasında getdikcə daha da möhkəmlənir. 
Bu gün sizinlə tanış edəcəyimiz təşkilat dünyanın qabaqcıl universitetlərində təhsil almış, bir çox aparıcı texnologiya və maliyyə şirkətlərində, beynəlxalq inkişaf təşkilatlarında və digər sahələrdə uğurlu karyera qurmuş 50-yə yaxın peşəkar azərbaycanlının birgə təşəbbüsü ilə ərsəyə gəlib. Söhbət “For Azerbaijan” (FA) adlanan təşkilatdan gedir.
“For Azerbaijan” xeyriyyə təşkilatının yaranma səbəbləri, fəaliyyət istiqamətləri, yardımların ehtiyacı olan şəxslərə çatdırılma üsulları, bu günə qədər göstərdikləri yardımlar və bu kimi digər sualları Oxu.Az-a təşkilatın qurucu üzvlərindən biri və rəhbəri Samir Süleymanov cavablandırıb:
- İlk olaraq elə “For Azerbaijan” ideyasından başlayaq. Necə oldu belə bir fikir yarandı?
- Əvvəla qeyd edim ki, ölkəmizdən kənarda yaşamaq, fəaliyyət göstərməyin özünəməxsus çətinlikləri olmasına baxmayaraq, müəyyən müsbət cəhətləri də var. Bunlardan biri ölkəmizdə baş verən müsbət prosesləri daha əhatəli, daha aydın müşahidə etmək imkanıdır. Biz hamımız, istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız, ötən il böyük tarixi hadisələrin şahidi olduq. Bu proseslərin hər bir soydaşımıza bəxş etdiyi sevinci, xoşbəxtliyi və qüruru sözlə ifadə etmək çətindir.   
Belə bir dövrdə xaricdə yaşayan bir çox azərbaycanlı bu sevinci bizlərə yaşadan minlərlə insana dəstək olmağı özünə mənəvi borc hesab edir. Bax, bu motiv dünyanın bir çox qabaqcıl ölkələrində uğurlu peşəkar karyera qurmuş onlarla gəncin “For Azerbaijan” adlı xeyriyyə təşkilatını yaratmaq təşəbbüsünü ərsəyə gətirdi. Qurucu üzvlərimizdən Kazım Kazımov ötən ilin dekabrında belə bir təşəbbüslə çıxış etdi, çox qısa bir vaxt ərzində dünyanın bir çox ölkəsində yaşayan əlliyə yaxın soydaşımızla belə bir təşkilatı qurmağa qərar verdik.
Təbii ki, dünyanın müxtəlif yerlərində yaşayan insanların bir araya gələrək xeyriyyə təşkilatını qurması, onun davamlı fəaliyyətini təmin etməsi üçün yalnız səmimi arzular, gözəl təşəbbüslər, müsbət emosiyalar kifayət deyil. Bunlar işin ancaq bir hissəsidir. Ən mühüm mərhələ fəaliyyətin təşkilinə institusional yanaşmanı, ən yüksək səviyyədə şəffaflıq və hesabatlılığı təmin etmək, ölkəmizdə bu işlə məşğul olan dövlət qurumları və digər sosial təşəbbüslər ilə əməkdaşlıq qurmağa nail olmaqdır. Bütün bunlar vaxt, enerji və idarəçilik təcrübəsi tələb edir. 
Bu baxımdan çox xoşbəxtik ki, “For Azerbaijan” məhz bu işləri peşəkar formada görə bilən insanları öz əhatəsində birləşdirib.  
- Bu təşkilatı digərlərindən fərqləndirən nədir? Cəmiyyətdə xeyriyyəçiliklə məşğul olan şəxslərə güvən və etimad məsələsi tez-tez müzakirə mövzusu olur. Belə deyək, insanların etimadını necə qazandınız?
- Biz ölkəmizin inkişafına, soydaşlarımıza dəstək olan bütün təşkilatlara fəaliyyətlərində uğurlar arzu edirik. Xaricdə yaşayan soydaşlarımızın ölkəmizə dəstəyi və bu istiqamətdə işlərin daha səmərəli təşkili böyük zərurətə çevrilmişdir. Mən digər təşkilatlarla bizim fərqimizdən daha çox bizim öz yanaşmamızdan danışmaq istərdim. 
Biz proseslərə uzunmüddətli perspektivdən yanaşırıq və ortaya qoyduğumuz həlləri dayanıqlı, şəffaf və texnoloji əsaslı şəkildə qurmağa çalışırıq. Bizim üçün etimadın qazanılması və onun qorunması ən mühüm vəzifədir. Qurucu üzvlərin siyahısına baxsanız, əksəriyyətin istər ölkəmizdən xaricdə, istərsə də ölkəmizdə peşəkar dairələrdə tanınan, müəyyən nüfuzu olan şəxslərdən ibarət olduğunu görə bilərsiniz. Hesab edirik ki, bu ilkin mərhələdə təşkilata güvən yaratmaq üçün böyük üstünlükdür. Lakin, bu işin ancaq başlanğıcıdır. 
Hesabatlılıq təşkilatımız üçün əsas dəyər və prinsiplərdən biridir. Dünyanın ən nüfuzlu maliyyə təşkilatlarında işləyən qurucu üzvlərimiz şəffaflıq və hesabatlılıq standartlarına əsaslanan mexanizmləri “For Azerbaijan”-da da artıq təmin etmişlər. Bu gün bu istiqamətdə mümkün olan ən müasir texnologiyalar təşkilatımızda tətbiq edilməkdədir. 
“For Azerbaijan” ABŞ-da xeyriyyə təşkilatı kimi qeydə alınmışdır. ABŞ-da xeyriyyə təşkilatını qeydiyyatdan keçirmək, onun fəaliyyətini təmin etmək üçün dünyanın belə demək olarsa, ən sərt tələb və prosedurları mövcuddur. “For Azerbaijan” olaraq, biz bu hüquqi çərçivəyə tam uyğun fəaliyyət göstəririk və bu təşkilatımıza olan etimad üçün vacib amillərdəndir.  
- Bildiyim qədər, “For Azerbaijan” bu günə qədər Azərbaycanda yaşayan 161 ailəyə yardım edib. Ümumiyyətlə, o ailələri necə müəyyən edirsiniz, seçimi hansı meyarlar üzərindən aparırsınız?
- Bəli, çox qısa dövr ərzində “For Azerbaijan” artıq 161 ailəyə maddi yardım etməyə başlayıb. Təbii ki, ilk növbədə hərbi münaqişədən zərərçəkmiş şəxslər, pandemiya dövründə ailə başçısını itirmiş ailələr üstünlük təşkil edir. Maddi yardımla yanaşı, həmin ailələrin övladlarının təhsil məqsədləri üçün internet şəbəkəsinə qoşulmasına yardım etmişik. Bundan əlavə, hərbi münaqişədən zərərçəkmiş şəxslərə, onların ailələrinə psixoloji reabilitasiya üzrə peşəkar konsultasiyalar da təşkil edirik. 
Yuxarıda göstərilənlər fəaliyyət planlarımızın yalnız müəyyən bir hissəsini təşkil edir. Bütövlükdə, təşkilatımızın fəaliyyəti əsasən üç istiqamətdə müəyyən olunub. Birincisi, insanların qarşılaşdığı bədbəxt və ya xoşagəlməz hadisələrin yaratdığı fəsadların aradan qaldırılması və ya azaldılması, buna misal olaraq, psixoloji reabilitasiyanı qeyd etmək olar. İkincisi, ehtiyacı olan ailələrin bəzi vacib ehtiyaclarının qarşılanması, nümunə olaraq maliyyə yardımını qeyd etmək olar. Nəhayət, üçüncüsü, gənclərimizin peşəkar hazırlığının dəstəklənməsi. Bu istiqamətdə təhsil və şəxsi inkişaf xarakterli layihələrin maliyyələşdirilməsi, mentorluq fəaliyyətinin təşkili, ölkəmizdəki tələbələrlə dünyanın qabaqcıl şirkət və təşkilatlarında çalışan peşəkarların görüşlərinin təşkil olunması kimi işlər olacaq. 
Ümumiyyətlə, layihələrimiz əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında hazırlanır. Bu meyarlara yardım göstəriləcək sahə, insanların ehtiyac növləri, yardımın müddəti və digər məsələləri aid etmək olar. Daha sonra bu meyarlara uyğun şəkildə ailələr seçilir. Seçimlərin monitorinqinin aparılması zamanı bizə Azərbaycandakı tərəfdaşlarımız kömək edir.
Yardımların təsirli, effektiv və şəffaf olmasını təmin etmək üçün hər bir yardım proqramımızın iştirakçıları da dəqiq müəyyən edilmiş meyarlara görə seçilir. Həmin meyarlar əsasında yerli partnyorlarımız yardıma ehtiyacı olan şəxslərin ilkin siyahısını müəyyən edir. Daha sonra isə təşkilatın idarə heyəti yekun siyahını təsdiq edir. Yardımlar hal-hazırda yerli tərəfdaşlarımız tərəfindən həyata keçirilir.
Yekunda isə ailələrə edilən yardımlar barədə hesabatlar dərc olunacaq ki, təşkilata ianə köçürən hər bir kəs ianə etdiyi vəsaitinin hansı istiqamətdə və necə xərcləndiyini şəffaf şəkildə görə bilsin.
- Əməkdaşlıqdan söz düşmüşkən, hansı təşkilatlarla əməkdaşlıq edirsiniz və əməkdaşlıq hansı prinsiplər üzərindən aparılır?
- Yerli partnyorların müəyyən edilməsi, onlarla əməkdaşlığın qurulması bizim üçün çətin olmadı. Cənab Prezidentin təşəbbüsü ilə qurulan Könüllülər Hərəkatı və YAŞAT Fondu ilə olan əməkdaşlığımız uğurla davam edir. Fürsətdən istifadə edərək YAŞAT Fonduna bizimlə etdiyi aktiv əməkdaşlıq üçün dərin minnətdarlığımızı çatdırıram. 
Bundan əlavə Miqrasiya könüllüləri ilə də aktiv əməkdaşlığımız mövcuddur. Azərbaycanda könüllülər hərəkatı xeyriyyə işlərinə həvəsli, parlaq gənclərin səyinə əsaslanır, bu bir çox iri layihələrin reallaşmasında mühüm rol oynamışdır. Bu gün Miqrasiya könüllüləri heç bir maddi kompensasiya tələb etmədən layihələrimizə əvəzsiz dəstək olurlar. Ehtiyacı olan insanların müəyyən edilməsində, məlumatların toplanması və emal edilməsində, yardımların məhz son ünvana çatdırılmasının təmin edilməsində göstərdikləri böyük dəstəyə görə Miqrasiya könüllülərinə dərin minnətdarlığımızı bildiririk. 
Bizimlə əməkdaşlıq edən partnyorlarımızın arasında “Redhearts” Xeyriyyə Cəmiyyətinin adını da xüsusi qeyd etmək istəyirəm. “Redhearts” Xeyriyyə Cəmiyyəti və onların ətrafında toplanmış könüllülər tərəfimizdən reallaşdırılmış bir sıra layihələrin həyata keçirilməsində yardımlarını əsirgəməmiş, işimizi daha da keyfiyyətlə görməyimizə dəstək olmuşlar. Fürsətdən istifadə edərək onlara da səmimi təşəkkürlərimizi çatdırmaq istəyirəm. 
- Birliyinizə dəstək məqsədilə ianələr qəbul edilir. Azərbaycanda yaşayan vətəndaşlar tərəfindən ianələr ayrılırmı? İanə köçürən şəxsin kimliyi bilinir, yoxsa anonimlik qorunur? 
- Təşkilata həm Azərbaycanda yaşayan, həm də ölkədən kənarda yaşayan soydaşlarımız tərəfindən ianələr köçürülür. Üç dildə fəaliyyət göstərən internet səhifəmizdən (www.forazerbaijan.org) edilən ianələr dərhal bizim hesabımıza daxil olur. İanə köçürmək istəyən şəxslər bizim rəsmi səhifəmizdə müvafiq bölməyə daxil olaraq məlumat ala bilərlər.  Bəzən bizə sual verilir ki, pul köçürmələrindən başqa - geyim, avtomobil və ya digər əşyalar ianə kimi qəbul edilirmi? Fəaliyyətə yeni başladığımız üçün hazırda yalnız pul ianələri qəbul edilir. Lakin, gələcəkdə yardımların edilməsinin digər mexanizmlərini də işləyib hazırlamağı planlaşdırırıq.  Xüsusi olaraq vurğulamaq istərdim ki, qurulma mərhələsində təşkilatın bütün inzibati xərcləri yalnız qurucu üzvlər tərəfindən maliyyələşdirilir və qəbul edilən bütün ianələr yalnız və yalnız xeyriyyə layihələrində istifadə edilir. 
- Bu yardımların daha da genişləndirilməsi üçün gələcəyə dair hansı planlarınız var?
- Layihələrimizi və qəbul edilən yardımların miqyasını genişləndirməyi hədəfləyirik. Hesab edirik ki, qarşımızda duran ən mühüm vəzifələrdən biri də fəaliyyətimizin dayanıqlığını təmin etməkdir. Xaricdə yaşayan soydaşlarımızın yaşadığı ölkələrdə “For Azerbaijan” təşkilatının tanıdılması, üzvlərimizin sayının genişləndirilməsi, təşkilatın və yardımların dayanıqlığını təmin etmək üçün mühüm şərtdir. Həmvətənlərimiz arasında xeyriyyə mədəniyyəti yüksəkdir, xaricdə yaşayan bir çox azərbaycanlı vətən üçün nəsə etmək istəyir və bunu mənəvi borc hesab edir. Biz əminik ki, əgər biz Azərbaycan naminə xeyriyyəçilik üçün effektiv bir təşkilatı və gərəkli infrastrukturu yaratsaq, minlərlə həmvətənimiz bizə qoşulacaq və biz ölkəmizdə ən çox yardıma ehtiyacı olan insanlar üçün daha böyük və faydalı işlər görə biləcəyik. Bununla da, soydaşlarımız arasında xeyriyyə fəaliyyəti ilə bağlı mədəniyyəti, ənənələri daha da gücləndirəcəyik.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?